...

Bu il 508 iş üzrə 29 milyon manatlıq vergi dövlət büdcəsinə ödətdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2015 16:13 (UTC +04:00)
Bu gün Vergilər Nazirliyinin Tədris Mərkəzində “Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu” mövzusunda "dəyirmi masa" keçirilib.
Bu il 508 iş üzrə 29 milyon manatlıq vergi dövlət büdcəsinə ödətdirilib

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Bu gün Vergilər Nazirliyinin Tədris Mərkəzində "Vergi öhdəliklərinin yerinə yetirilməsində sosial tərəfdaşların rolu" mövzusunda "dəyirmi masa" keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Vergilər Nazirliyinin, sahibkarların ictimai təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, icra strukturlarının, bələdiyyələrin nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib ki, müasir dövrdə vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsi, ilk növbədə, sosial tərəfdaşların dəstəyi ilə könüllü əməletməni təmin etməkdən keçir. Vergi öhdəliklərinin yerinə yetirilməsi ancaq vadaretmə deyil, vadaretmənin, xidmətin, könüllü səylərin, kommunikasiyanın və maarifləndirmənin məcmusundan ibarətdir. Ə.Məmmədov bildirib ki, Azərbaycanda vergiödəyicilər tərəfindən təqdim olunan bəyannamələrin artıq 90%-dən çoxu elektron formada təqdim olunur ki, bu da həyata keçirilən islahatların, vergi sistemində tətbiq olunan informasiya texnologiyalarının yaratdığı imkanların hesabınadır.

Qeyd edilib ki, Vergilər Nazirliyinin əsas məqsədi vergidən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi deyil, yayındırılmış vergi məbləğlərinin dövlət büdcəsinə ödətdirilməsidir. 2015-ci ilin 1-ci yarısı ərzində 508 iş üzrə 29,1 milyon manat məbləğində yayındırılmış vergi məbləğinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Vergilər Nazirliyi könüllü əməletmə sisteminin bütün vergiödəyiciləri əhatə etməsinə nail olmağı hədəfləyir. Könüllü əməletmə - vergiödəyicilərin vergi qanunlarına riayət etmələrini, gəlir məbləğlərini və vergi öhdəliklərini ədalətli və dürüst bəyan etmələrini, gəlirləri barədə bəyannamələri vaxtında, sərbəst və könüllü şəkildə təqdim etməyə şərait yaradan, başqa sözlə, vergilərin vaxtında ödənilməsini aşılayan bir sistemdir. Bu məqsədlə Vergilər Nazirliyi vergiödəyicilərə göstərilən xidmətlərin, xüsusən elektron xidmətlərin əhatə dairəsini genişləndirməyi nəzərdə tutur.

Vergilər Nazirliyinin vergiödəyicilərlə təmasında vətəndaş cəmiyyətinin, xüsusilə də sahibkarların ictimai birliklərinin, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin mühüm rolu qeyd edilib, gələcəkdə birgə layihələrin həyata keçirilməsinin zəruriliyi önə çəkilib.

Sonra Vergilər Nazirliyinin nümayəndələri tərəfindən nazirlik tərəfindən vergiödəyicilərə göstərilən xidmətlər, vergi borclarının alınması və s. mövzularda təqdimatlar edilib.

"Dəyirmi masa"da vergi orqanları və biznes arasında mövcud olan əlaqənin yeni forması olan korporativ əməletmə ətrafında geniş müzakirələr keçirilib, partnyorluq, qarşılıqlı faydalara söykənən dövlət-biznes münasibətlərinin qurulması istiqamətində aparılan işlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti