...

Fikrət Yusifov: Cəmiyyət təxribatla məşğul olan “iqtisadçı-ekspertlər"ə aldanmamalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2015 12:40 (UTC +04:00)
Başqalarını təhqir etməyə adət etmiş, normal müzakirə imkanlarından yararlanmağı bacarmayan və illərdir insanları uydurma rəqəmlərlə aldadan “iqtisadçı-ekspert”lər bu dəfə müəllifi olduğum yazını “hədəf” seçdilər.
Fikrət Yusifov: Cəmiyyət təxribatla məşğul olan “iqtisadçı-ekspertlər"ə aldanmamalıdır

Fikrət Yusifov - İqtisad elmləri doktoru, professor

Başqalarını təhqir etməyə adət etmiş, normal müzakirə imkanlarından yararlanmağı bacarmayan və illərdir insanları uydurma rəqəmlərlə aldadan "iqtisadçı-ekspert"lər bu dəfə müəllifi olduğum yazını "hədəf" seçdilər. Avqustun 25-də mətbuat səhifələrində yayımlanmış "Neftin qiyməti 17-18 dollar olanda da Azərbaycanın maliyyə sistemi sabit idi" başlıqlı yazımıza etikadan kənar reaksiyalar verildi, təhqir elementlərilə zəngin statuslar yazıldı. Əlbəttə, bunu onların özləri də də bilməmiş deyillər ki, təhqir ən böyük acizlik nümunəsidir və insan əxlaqının səviyyəsindən xəbər verir. Deməli, bu adamlar qeyd etdiyimiz xüsuslar sarıdan da ciddi korluq çəkirlər.

Biz apardığımız təhlillərdə, real iqtisadi durumu əks etdirən rəqəmlərlə illərdir cəmiyyətə yalan informasiya ötürənləri ifşa edirik. Fərqindəyik ki, bəzilərinin "bazarına" zərər vururuq və fəaliyyətimiz kimlərinsə xoşuna gəlmir. Lakin heç vaxt kiminsə şəxsiyyətini alçaldan ifadələrdən istifadə etmir, kimisə təhqir etməyə həvəslənmirik. Mədəniyyətimiz, əxlaqımız buna yol vermir. Özünə "iqtisadçı-ekspert" adı vermiş bu biçarələr ömürlərində bircə dəfə də olsun adi bir müəssisənin büdcəsini və ya balansını tərtib etməyiblər. Bu adamların çoxunun nəinki normal iqtisadi biliyi, heç bu sahədə iş təcrübəsini əks etdirən əmək kitabçası belə yoxdur. Di gəl ki, özlərini hamıdan ağıllı hesab edir və mətbuat səhifələrində heç bir maneəyə rast gəlmədən istədikləri yalanları cəmiyyətə sırımaqla məşğul olurlar. Baxırsan ki, bir nəfər düşüb ortalığa və ciddi cəhdlə ölkədə görülən bütün işləri, bütün iqtisadi layihələri qaralamağa çalışır, mənbəyi,mənşəyi bəlli olmayan rəqəmlər ortaya ataraq "dərin iqtisadi araşdırma" apardığına hər kəsi inandırmağa çalışır. Belələrinin arasında yolunu hələ də müəyyən edə biıməyən, jurnalsitika ilə iqtisadiyyat arasında haça-paca vəziyyətində qalan, səadətini "Salyan yolu 22"də tapsa da hələ də gizli yollar axtarışında olanlar da var...

Jurnalistlərin haradansa tapıb gətirdikləri, "dejurnıy-ekspert" kimi mətbuatda iməkləyən bir nəfər yuxarıda adını çəkdiyim yazının sərlövhəsindəki fikri (Neftin qiyməti 17-18 dollar olanda da Azərbaycan maliyyə sistemi sabit idi) çox uğursuz bir formada təkzib etməyə çalışıb. Həmin bu "ekspert" kiminsə sifarişi ilə öz Facebook səhifəsində mənim ünvanıma təhqirlər yağdırmaqdan da çəkinməyib. Təkzibi isə 1994-cü ilin rəqəmlərini 2015-ci ilin rəqəmləri ilə müqaisə edərək verib və bununla da dediklərimizi "əsaslı şəkildə təkzib etdiyini" düşünüb. Sual olunur: Bu "peşəsinə hörmət edən ekspert" Dövlət Statistika Komitəsinin internet saytında olan və 5-ci sinif şagirdinin də asanlıqla oradan götürə biləcəyi 1994-cü ilin rəqəmlərini 2015-ci ilin proqnoz rəqəmləri ilə müqaisə etməklə nəyi təkzib edib? Heç peşəsinə hörmət edən birisi də bu qədər dayaz, məntiqdən çox uzaq bir mülahizənin altından imza atardımı? İqtisadçıdan daha çox rəqəmlərin başına ip salıb onları o tərəf-bu tərəfə fırladan janqlyora bənzəyən bu adam ən azı onu bilməliydi ki, onun "təhlil" üçün adını çəkdiyi 1994-cü ilin büdcəsi mənim rəhbərliyim altında hazırlanıb və onu Parlamentdə müdafiə edərək qəbuluna nail olmuşam. Həmin yazıda da 1994-cü ilin sonlarından başlayaraq 1999-cu ilə qədər dünya bazarlarında neftin qiymətlərinin 17-18 dollar olmasına baxmayaraq ölkə büdcəsindən əmək haqlarının, təqaüdlərin, sosial yardımların vaxtlı-vaxtında ödənildiyini demişəm. Məni təkzib etməyə çalışan "ekspert" yazır ki, o dövrün büdcəsi 300 milyon dollar idi, indiki büdcə isə 21 milyard dollardır və bu səbəbdən mənim müqayisəm yanlışdır. Əvvəla, bu, uydurmadır, mən heç bir müqayisə aparmamışam. İkincisi, o dövrün büdcəsinin yarısı indiki büdcədə olduğu kimi investitsiya xərclərindən ibarət deyildi. Üçüncüsü isə gəlirlərin az olması səbəbindən o dövrün büdcəsində müxtəlif birdəfəlik tədbirlərin maliyyələşdirilməsi nəzərdə tutulmurdu. Bu gün neft gəlirləri bizə iri investitsiya layihələrini maliyyələşdirməyə və başqa mühüm tədbirləri keçirməyə imkan verirsə, buna görə ancaq sevinməliyik. Bundan başqa, unutmayaq ki, o dövrdə büdcədən maliyyələşən müəssisələrdə çalışanların əmək haqqı və pensiyalar indikindən on dəfələrlə aşağı idi. Yəni o dövrün büdcəsinin özünə uyğun əmək haqqı, təqaüd və başqa sosial xərcləri var idi. Heç kim "təkzibçi ekspertin" dediyi kimi o illərin büdcə göstəricilərini həcm etibarı ilə 2015-ci ilin büdcə göstəriciləri ilə müqaisə etməyi düşünmür. Belə müqayisə ümumiyyətlə mümkün deyil. Burada söhbət ondan gedir ki, sosial yönümlü xərclər necə ki, 90-cı illərdə dünya bazarlarında neftin qiymətinin vəziyyətindən asılı olmayaraq tam maliyyələşdirilirdisə, indi də neftin dünya bazarlarında hansı qiymətə satılmasından asılı olmayaraq tam maliyyələşdiriləcəkdir. Son illərin büdcəsində isə neft faktorunu qabardıb göylərə qaldıran "iqtisadçı - ekspertlərə" bir daha deyirəm ki, neftin dünya bazarlarında qiymətlərinin aşağı düşməsi sizi çox "üzməsin", 2015-ci ilin Dövlət büdcəsinə Neft Fondundan nəzərdə tutulan 10,4 milyard manat vəsaiti və hətta neft sektorundan büdcəyə daxil olan 2,3 milyard manat müxtəlif vergilər şəklindəki daxilolmaları nəzərə almasaq belə, Azərbaycan Dövlət büdcəsinin yerdə qalan gəlirləri büdcədən maliyyələşən bütün təşkilatlar üzrə 5 milyard 826 milyon manat sosial yönümlü xərclərdən yenə də 924 milyon manat artıqdır - yəni 6 milyard 750 milyon manatdır. Digər tərəfdən sual olunur: bu "iqtisadçı - ekspertlər" hansı məntiqlə büdcənin gəlirlərində neft sektorundan müxtəlif vergilər şəkilində daxil olan 2,3 milyard manat vəsaiti neft gəlirləri kimi büdcə gəlirlərindən bir qayda olaraq ayrıraraq "təhlillər" aparırlar?

Azərbaycanda neft sənayesi bir əsirə yaxındır ki, mövcuddur və bu sahədən daxil olan vergilər 90-cı illərdə də, indi də büdcənin gəlirlərinə aiddir və bu, bundan sonra da belə olacaq. Özünü dəyərli "ekspert" hesab edən "iqtisadçılar" bilməlidirlər ki, 90-cı illərdə Azərbaycanın neft sənayeci indiki kimi ildə 42 milyon ton neft hasil etmirdi. 1994-cü ildə bu istehsal cəmisi 9,5 milyon ton olmuşdu ki, bu da daxili bazarın ehtiyaclarını güclə ödəyirdi. Reallıqları dərindən anlamayıb başqalarına ağıl öyrətmək istətəyənlər bilməlidirlər ki, əgər bu gün Azərbaycan yalnız daxili ehtiyacları səviyyəsində - yəni təxminən 15 milyon tona qədər neft istehsal etsə belə yenədə də büdcəyə neft sektorundan vergilər şəkilində bir neçə milyard manat vəsait daxil olacaq. Bəli, neft hasilatı azalarsa və ya onun qiymətləri dünya bazarlarında aşağı düşərsə dövlətin neft satışından gəlirləri azala bilər. Ancaq neft sənayesinin fəaliyyəti dayana bilməz. Deməli, bu sektor bütün hallarda həmişə işləyəcək və büdcəyə də müvafiq vergilərini ödəyəcəkdir. Dediklərimizi konkret faktlarla sübut etnək üçün gəlin Neft Fondundan Dövlət büdcəsinə birbaşa 10,4 milyard manat transferi nəzərə almadan 2015-ci ilin Dövlət büdcəsinin real mənzərəsinə nəzər salaq.

1.Vergilər Nazirliyinin xətti ilə yığılacaq vəsait - 7 milyard 112 milyon manat;
o cümlədən:
sırf qeyri-neft sektorundan daxilolmalar - 4 milyard 812 milyon manat;
neft sektorundan yuxarıda dediyimiz və bütün hallar üçün daxil olacaq müxtəlif vergilər (neft hasilatının həcmi bu rəqəmi müəyyən qədər artırıb azalda bilər) - 2 milyard 300 milyon manat;

Dövlət Gömrük Komitəsinin xətti ilə yığılan vergilər - 1 milyard 590 milyon manat
Sair daxilolmalar - 348 milyon manat.

Cəmi gəlirlər: 9 milyard 50 milyon manat

Büdcənin sosial yönümlü xərcləri - 5 milyard 826 milyon manat
Fərq: 3 milyard 224 milyon manat

Beləliklə biz bu gün xaricə bir barel neft satmasaq və yalnız öz daxili istehlakımız səviyyəsində (15 milyon ton) neft istehsal etsək, neftin dünya bazarlarında qiyməti 10 dollara düşsə də belə büdcəmizin 9 milyard manat gəlirləri qonşu Gürcüstanın büdcəsindən 2 dəfəyə qədər artıq olmaqla büdcədən maliyyələşən bu günkü əmək haqları, təqaüdləri, sosial yardımları, bir sözlə 5,8 milyard manat olan sosial yönümlü xərcləri 1,5 dəfədən çox qarşılaya bilər. Bax, bu səbəbdəndir ki, biz öz yazımızda dünya bazarlarında neftin qiymətlərinin dəyişməsinin sosial yönümlü xərclərə heç bir xələl gətirməyəcəyini əminliklə hər kəsə deyirik.

O ki, qaldı bir yazıya münasibət bildirərkən etikadan, əxlaqdan kənar ifadələr işlədilməsinə və bununla məqsədli şəkildə müəllifin təhqir olunmasına, güman edirəm ki, buna yol vermiş "ekspert(lər)" insanların şərəf və ləyaqətinin Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunduğundan xəbərdardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti