Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
Azərbaycan Konqreslər Bürosunun üzvlərinin siyahısı genişlənir. Azərbaycanda turizm sahəsinin davamlı inkişafı və işgüzar turizmin təkmilləşdirməsi istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu daha bir şirkəti öz sıralarına qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin nəzdində fəaliyyət göstərən Büronun yeni yardımçı üzvü (Affiliate Member) Konsis Sinxron Tərcümə və Tədbir Təşkilatı şirkətidir.
Büro və Konsis arasında əldə olunan razılaşmadan məmnunluq ifadə edən Konsis şirkətinin direktoru Gülzar Ələkbərova bu əməkdaşlığın hər iki tərəf üçün böyük perspektivlər açacağına inamını ifadə edib.
"Büronun üzvləri sırasına qoşulmaq bizi həyəcanlandırır. Əminik ki, Büro öz üzvlərinə inkişaf etmək və böyümək üçün geniş imkanlar təqdim edir. Bu bizim üçün yeni dünyadır və biz Azərbaycan Konqreslər Bürosu ailəsinin əsas hissəsi olmaqda israrlıyıq. Bu bizə bilik mübadiləsi və geniş təşviq olunma imkanları verəcək" - deyə xanım Ələkbərova qeyd edib.
Konsis Sinxron Tərcümə və Tədbir Təşkilatı şirkəti 2006-ci ildə Bakıda yaradılıb. Şirkət öz fəaliyyətinə tərcümə mərkəzi olaraq başlayıb. İlk öncə İngilis Azərbaycan və İngilis Rus dillərindən tərcümə xidməti təklif edən şirkət daha sonra Ardıcıl, Sinxron, Admin tərcüməçilərini öz sıralarına dəvət edib.
Konsis dövlət və özəl sektorda olan təşkilatlarla tərcümə sahəsində geniş iş təcrübəsinə malikdir.
Şirkət ölkəmizdə baş tutan çoxsaylı tədbirlərdə professional xidmətlərini təklif edib. 2009-cu ildən isə Konsis tədbir təşkilatçılığı və texniki dəstək xidmətləri də göstərməyə başlayıb.
Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycanın turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Büro 2013-cü ilin sonlarından fəaliyyətə başlayıb.
Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.