...

Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun çəkilişi tezləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2015 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan və İran Astara (İran) - Astara (Azərbaycan) dəmiryolunun çəkilməsi və iki ölkənin dəmir yolunun birləşdirilməsi işlərini tezləşdirmək qərarına gəliblər. Trend-in məlumatına görə, bunu İranın Gilan əyalətinin başçısı Məhəmmədəli Nəcəfi deyib.

İranın Gilan əyalətinin mətbuat xidmətinin verdiyi məlumata görə, M.Nəcəfi deyib ki, İranın Rabitə və informasiya texnologiyaları naziri Azərbaycan və İran hökumətlərarası komissiyasının iranlı həmsədri Mahmud Vaezinin iştirakı ilə Gilan əyalətində bu məsələnin tezləşdirilməsi məqsədi ilə iclas keçirilib.

M.Nəcəfi deyib ki, iclasda Azərbaycan dəmiryolunun İranın Astara şəhərinə kimi tikilməsi məsələsi müzakirə olunub.

"Astara (Azərbaycan) - Astara (İran) dəmiryolunun uzunluğu 7 kilometrdir ki, onun 2 kilometri İranın ərazisində tikiləcək. İclasda qərara alınıb ki, Astarada (İran) böyük bir yük terminalı tikilsin və gələn yüklər həmin terminalda saxlanılsın", - deyə M.Nəcəfi bildirib.

O bildirib ki, Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin tez bir zamanda tamamlanmasında İran maraqlıdır: "Bu dəmir yolu Orta Asiya və Avropa ölkərinin Fars Körfəzi və Hind okeanına çıxışına, eləcə də İranın şimal bölgəsini cənub bölgəsinə birləşdirir. Bundan başqa, İran bu dəmir yolu vasitəsi ilə Orta Asiya, Qafqaz və Avropaya birləşir."

M.Nəcəfi bildirib ki, İran Prezidenti Həsən Ruhani Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin sürətləndirilməsi üçün xüsusi tapşırıqlarını verib və ümid edirik ki, 2016-ci ildə bu dəmir yolunun tikintisi başa çatdırılacaq.

Qeyd edək ki, bundan öncə İran rəsmiləri Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin 2014-cü ilin mart ayında başa çatacağını açıqlamışdılar. Dəmir yol marşrutu mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi tamamlanıb. Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin Qəzvin-dən Rəştə qədər olan hissəsində işlər 90 faiz tamamlanıb. Rəştdən Astaraya qədər 161, Rəştdən Ənzəliyə kimi isə 41 kilometrlik dəmir yolunun inşası isə maliyyəşdirmə məsələsinə görə yubanır.

Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmir yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti