Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir Azad Həsənli/
Dövlət Sosial Müdafiə Fondu (DSMF) aktuarların fəaliyyətinin milli pensiya sisteminə adaptasiyası üzrə işləri yekunlaşdırır.
Trend-in məlumatına görə, bunu DSMF sədri Elman Mehdiyev Bakıda keçirilən Beynəlxalq Aktuarlar Assosiasiyasının regional seminarında deyib.
Onun sözlərinə görə, 2014-2020-ci illər üçün pensiya sistemində islahatların aparılması üzrə konsepsiyanın əsas məqsədi pensiya-sığorta sisteminin maliyyə sabitliliyinin əldə edilməsidir və maliyyə davamlılığı üzrə proqnozlar məhz aktuar hesablaşmalar əsasında formalaşdırılacaq.
E.Mehdiyev qeyd edib ki, bununla əlaqədar Fondda aktuar fəaliyyətin təşkili üzrə xüsusi qrup yaradılıb: "Hazırda Dünya Bankı (DB), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Avropanın bəzi pensiya-sığorta strukturları ilə birgə Azərbaycanda aktuar fəaliyyətin təşkili ilə bağlı layihələrin reallaşdırılmasını yüksək templə davam etdirir. Akturların fəaliyyəti sahəsində DB-nin modelinin milli pensiya-sığorta sisteminə adaptasiyası üçün müəyyən inkişaf mərhələrindən keçir. ASA ilə birgə aktuar olmaq istəyənlər üçün imtahanlar keçiririk".