Azərbaycan, Bakı, 23 oktyab /Trend/
"Saxo Bank"ın mütəxəssisi Feliks İndenbaum ilə müsahibə
- Azərbaycan investorları üçün hansı investisiya və treydinq imkanları mövcuddur?
- Məlumdur ki, Azərbaycan iqtisadiyyatı əsasən neft, qaz və pambıq əmtəələrinin ixracına əsaslanır. Adıçəkilən əmtəələr maliyyə mətbuatında geniş şəkildə müzakirə olunur və əhalinin böyük hissəsi onların dinamikasını izləyir. Onlayn platformalardan faydalanmaqla hər bir azərbaycanlı investor neft və ya pambıq kimi bir çox əmtəələr üzrə treyder fəaliyyəti ilə məşğul ola bilər. Neft və digər əmtəələr üzrə fyuçerslər, müvafiq CFD-lər (qiymət fərqinə dair müqavilələr), səhmlər və ya ETF indeks fondları kimi müxtəlif maliyyə alətləri investorlara təqdim olunur.
Azərbaycan kimi iqtisadiyyatı neft ixracına əsaslanan ölkələrdə qlobal valyuta bazarlarındakı məzənnə dəyişmələrindən də faydalanmaq mümkündür. Treyderlər üçün digər bir fürsət neft və qaz sektorunda fəaliyyət göstərən şirkətlərə investisiya yatırmaqdır.
- Cari iqtisadi vəziyyətdə investisiya və treydinq fəaliyyətinin əhəmiyyəti necə qiymətləndirilir?
- Hazırkı iqtisadi durum həm yeni başlayan, həm də təcrübəli treyderlər üçün müxtəlif strategiyalar vasitəsilə maliyyə bazarlarında imkanlar təqdim edir. Bu cür şərtlər treyderlərə yüksək dəyişkənlikdən faydalanmaq fürsəti yaradır ki, adekvat riskin idarəedilməsi tədbirləri də həyata keçirilməlidir.
- Maliyyə böhranı insanların investisiya və treydinq fəaliyyətinə, o cümlədən "Saxo Bank"ın müştərilərinə necə təsir edib?
- Tam lisenziyalaşdırılmış Danimarka bankı olaraq biz Avropa İttifaqının müştərilərlə əlaqələrin tənzimlənməsi, maliyyə stabilliyi haqqında direktivləri və tələblərinə dəqiqliklə əməl edirik. Maliyyə böhranı səbəbindən şəffaflığa və əməliyyatların etibarlılığına üstünlük verən müştərilərin əksəriyyəti kiçik broker təşkilatlarından beynəlxalq maliyyə institutlarına keçiblər ki, nəticədə "Saxo Bank" kimi maliyyə qurumlarının müştərilərinin sayı əhəmiyyətli dərəcədə artıb. Multi-aktiv təklifləri, ən yaxşı icra siyasəti, həmçinin innovativ və intuitiv platformalar investorlara maliyyə ideyalarını və strategiyalarını istər ucuzlaşan, istərsə də bahalaşan bazarlarda cəld və asanlıqla reallaşdırmağa imkan verir.
- İnkişafda olan ölkələrdə insanlarda investisiya bazarlarına marağı necə artırmaq mümkündür?
- İnvestisiya fəaliyyətini cəlbedici etmək üçün əsas vasitələrdən biri tədrisdir. Ötən il "Saxo Bank" tərəfindən təqdim olunan inqilabi "Tradingfloor.com" sosial treydinq portalı ilk multi-aktiv treydinq platforması olmaqla investorlara qarşılıqlı ünsiyyət, fikir və ideya mübadiləsi, digərlərinin ticarət fəaliyyətini izləmək və təkrarlamaq imkanı verir. İnvestorlar həmçinin "Saxo TV" bölməsində analitik videolar izləyə və digər tədris materiallarından faydalana bilərlər.
ABŞ, Qərbi Avropa, həmçinin Asiya "pələngləri" kimi tanınan Sinqapur və Honkonq daxil olmaqla inkişaf etmiş ölkələrdə maliyyə bazarları fəal olaraq xidmət göstərir. İnkişafda olan ölkələrdə onlayn treydinq daha zəif sürətlə yayılsa da, sözügedən ölkələrdə artan maraq müşahidə edilir.
- Fərdi və institusional investorlar maliyyə, xüsusilə də əmtəə bazarlarında müşahidə olunan qeyri-stabillikdən necə faydalana bilərlər?
- Qeyri-stabillik yeni imkanlar gətirir. Maliyyə bazarlarında müşahidə olunan önəmli dəyişikliklər qısa müddət ərzində əhəmiyyətli mənfəət gətirə bilər. Ancaq qeyd etmək lazımdır ki, bu dəyişikliklər itki ilə də nəticələnə bilər. Məhz bu səbəbdən qeyri-stabillik dövründə risk menecment və itkilərin məhdudlaşdırılması xüsusilə vacibdir. Digər bir önəmli məqam kredit çiyninin düzgün idarə olunmasıdır ki, bununla bazardakı neqativ dəyişikliklərin öhdəsindən gəlmək mümkün olsun. Qeyri-stabillik özü də müvafiq fyuçerslər və ETF-lər vasitəsilə ticarət edilən aktivdir. Bu halda treyderlər "ayı" və "öküz" bazar tendensiyaları haqda deyil, sözügedən aktiv barədə düzgün proqnoz verməklə gəlir əldə edə bilərlər.