...

Azərbaycan tranzit yükdaşıma həcmini artırmaq üçün Gürcüstanla əlaqələri genişləndirmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2015 16:54 (UTC +04:00)
Tranzit yükdaşımalar sahəsində Azərbaycan-Gürcüstan əlaqələri genişləndirilir.
Azərbaycan tranzit yükdaşıma həcmini artırmaq üçün Gürcüstanla əlaqələri genişləndirmək istəyir

Bakı. Trend:

Noyabrın 30-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev onun dəvəti ilə Bakıda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Dimitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin mövcud vəziyyətinə və əməkdaşlıq perspektivlərinə, eləcə də tranzit yükdaşımalar sahəsində səmərəliliyin artırılmasına, bu sahədə Azərbaycan və Gürcüstan arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Azərbaycan Prezidentinin bu yaxınlarda Gürcüstana rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına verilən böyük önəmin göstəricisidir. Strateji tərəfdaş olan Azərbaycan və Gürcüstanın iştirakı ilə regionda irimiqyaslı layihələr həyata keçirilir. Bununla belə, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var və əlaqələrin genişləndirilməsində nəqliyyat sahəsi, xüsusilə tranzit yükdaşımalar mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilir. Belə ki, Xəzər hövzəsində ən böyük ticarət limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci fazası artıq başa çatdırılıb, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası yekunlaşmaq üzrədir. Bütün bunlar isə Azərbaycanın tranzit potensialını və tranzit daşımalarda iştirak imkanlarını daha da genişləndirir. Buna baxmayaraq, yükdaşımaların həcminin azalması müşahidə edilir.

Ş.Mustafayev Azərbaycanın tranzit daşımalar sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə Azərbaycan Prezidentinin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradıldığını diqqətə çatdırıb, Şuranın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, bu həftə ərzində tranzit yükdaşımalar üzrə optimallaşdırılmış tariflər elan ediləcək.

Azərbaycanın tranzit yükdaşımaların həcminin artırılması sahəsində qonşu Gürcüstanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran Ş.Mustafayev bu sahədə optimallaşdırılmış tarif siyasətinin həyata keçirilməsinin, mövcud prosedurların sadələşdirilməsinin, koordinasiya işlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri D.Kumsişvili Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasını tranzit daşımaların həcminin artırılmasında mühüm addım kimi qiymətləndirib, tranzit yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını vurğulayıb.

D.Kumsişvili Gürcüstanın da tranzit yükdaşımalar sahəsində mövcud potensialdan daha səmərəli istifadə edilməsində maraqlı olduğunu bildirib, bu sahədə prosedurların sadələşdirilməsinə və daşıma tariflərinə dair fikirlərini bölüşüb.

Görüşdə ticarət, investisiya və digər məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti