...

Ağsuda istehlakçılar üçün maarifləndirici konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2016 20:28 (UTC +04:00)

Bakı. Trend:

İstehlakçı hüquqlarının qorunmasında istehlakçıların və sahibkarların maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən müxtəlif konfranslar və seminarlar təşkil edilir, KİV-lərdə istehlakçı hüquqları ilə bağlı məlumatlar yayılır, video-çarxlar yayımlanır, ticarət və ictimai-iaşə obyektlərində təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçaları və digər əyani vəsaitlər əhali arasında paylanılır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində Ağsu rayonunda aidiyyəti dövlət qurumlarının regional bölmələrinin, rayonda fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrinin və istehlakçıların iştirakı ilə konfrans keçirilib.

"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyətindən danışıb, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Bildirilib ki, ötən il Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların iştirakı ilə Bakıda və regionlarda 30-a yaxın konfrans, "dəyirmi masa" və seminar keçirilib. İstehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 85 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 minə yaxın yaddaş kitabçası hazırlanaraq paylanıb. Bu işlər hazırda da davam etdirilir.

A.Əliyev, həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə məlumat verib.

Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti