...

AMEA: Xarici şirkətlərin istehsalı olan toxumlar yerli sortları sıxışdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2016 15:58 (UTC +04:00)
Vaxtilə Azərbaycanın meyvə-tərəvəz sortları böyük şöhrətə malik olub.
AMEA: Xarici şirkətlərin istehsalı olan toxumlar yerli sortları sıxışdırır

Bakı. İlhamə İsabalayeva - Trend:

"Vaxtilə Azərbaycanın meyvə-tərəvəz sortları böyük şöhrətə malik olub. Ancaq hazırda yerli rəqabətqabiliyyətli sortlar yaradılmadığından ixrac potensialını tam reallaşdırmaq mümkün olmur. Xarici şirkətlərin istehsalı olan toxumlar və tinglər isə yerli sortları sıxışdırır".

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında çıxış edən AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov deyib.

Onun sözlərinə görə, ölkəyə gələn toxumlar rayonlaşdırmaya təqdim olunur ki, bu da sonradan müəyyən problemlərin yaranmasına səbəb olur.

Azərbaycanda genetik davamlı sortların yaradılmasını əhəmiyyətli sayan Z.Əkpərov qeyd edib ki, 1990-cı illərdə kənd təsərrüfatı sahəsi iflasa uğrasa da, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu sahədə istehsal dəfələrlə artıb: "Bununla belə, statistik rəqəmlər göstərir ki, biz əsas ərzaq məhsulları ilə özümüzü tam təmin edə bilmirik. Bir sıra məhsullar, xüsusilə də meyvə-tərəvəz üzrə isə böyük ixrac potensialımız var".

Azərbaycanda su ehtiyatının təxminən 80 faizinin kənardan daxil olduğunu deyən Z.Əkpərov bildirib ki, ölkədə 20-dək aqrar elmi -tədqiqat müəssisəsi olsa da, onların fəaliyyəti koordinasiya edilmir.

O, qeyd edib ki, ölkədəki torpaq sahələrinin 40 faizindən çoxu eroziyaya uğrayıb. Ümumi suvarılan torpaqların 22 faizinin meliorativ vəziyyəti qeyri-kafidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti