Bakı. Trend:
Silk Way Helicopter Services (SWHS MMC) kommersiya helikopter şirkətinə quruda və dənizdə neft-qaz platformalarında OGP (Oil & Gas Producers Standard) standartlarına uyğun xarici yük asqısı işləri üçün rəsmi xidmət təminatçısı statusu verilib.
Silk Way Helicopter Services şirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu xidmətlərin əsas istiqaməti neft-qaz platformalarında fakel boruların dəyişilməsinə yönəlib, həmçinin iritutumlu yüklərin çətin dislokasiya yerlərinə daşınması üzrə xidmətlərin geniş spektrini əhatə edir.
Əməliyyatlar Amerikanın Sikorsky şirkətinin hava donanmasının əsas tərkib hissəsi olan S-92 model ağır helikopterlər vasitəsilə həyata keçirilir. Dəniz və qurudakı qurğularda fakel boruların dəyişdirilməsi unikaldır. Belə ki, dünyada bu cür əməliyyatları yerinə yetirən aviaşirkətlərin sayı çox məhduddur. Bu uçuşları yerinə yetirmək üçün hava gəmisi ekipajının zərgər məharəti, hava gəmisinin yüksək texnoloji texniki təchizatı və aviaşirkətin bütün əlaqədar xidmətlərinin nizamlı işi tələb olunur.
SWHS öz növbəsində Xəzər dənizi, həmçinin Rusiya, Afrika və Cənub-Şərqi Asiya regionlarında potensial müştərilərə xidmət göstərməyə hazırdır.