Bakı. Orxan Quluzadə - Trend:
Azərbaycan və Türkiyənin ikitərəfli əmtəə dövriyyəsinin 15 milyard dollaradək artırılması üçün çox böyük potensialı var ki, bu da onların məqsədidir.
Bunu Trend-ə müsahibəsində Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş bildirib.
Onun sözlərinə görə, 2002-2014-ci illərdə Azərbaycan və Türkiyə arasında əmtəə dövriyyəsi səkkiz dəfə artıb və 5,1 milyard dollar təşkil edib, 2015-ci ildə isə dünya maliyyə böhranı səbəbindən Bakı və Ankara arasında əmtəə dövriyyəsi əvvəlki illərlə müqayisədə cüzi azalıb.
Türkiyədən Azərbaycana ixrac 2015-ci ildə 1,9 milyard dollar təşkil edib, halbuki Azərbaycandan idxal 1,6 milyard dollar səviyyəsində olub.
Nazir qeyd edib ki, Türkiyə Azərbaycana əsasən dəmir və polad məhsulları, müxtəlif hazır məmulatlar, elektronika, mebel, plastmass məmulatları ixrac edir: "Türkiyənin Azərbaycandan idxalının 85 faizi təbii qazın payına düşür. Türkiyə təbii qaz ilə yanaşı, Azərbaycandan əlvan metallar, kimya sənayesi məhsulları, plastmass məmulatları idxal etdi".
O əlavə edib ki, Azərbaycanın regionda mühüm rolu, Bakı və Ankaranın yüksək səviyyəli münasibətləri iqtisadi və ticarət əlaqələrini daha da inkişaf etdirmək imkanı verir.
Nazir hesab edir ki, Türkiyə şirkətlərinin ən vacib missiyalarından biri Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməkdir: "2014-ci ilin sonuna Türkiyənin Azərbaycana investisiyaları 7,5 milyard dollara çatıb. Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayələri 4,2 milyard dollar təşkil edir".
Onun sözlərinə görə, bu rəqəmlər iki ölkə arasında münasibətlərin səviyyəsinin göstəricisidir. "Amma Bakı və Ankara ikitərəfli münasibətləri daha da inkişaf etdirməlidir".