...

"Bank Standard”ın rəhbərliyi yenidən formalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2016 14:04 (UTC +04:00)
Bu gün “Bank Standard” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
"Bank Standard”ın rəhbərliyi yenidən formalaşıb

Bakı. Trend:

Bu gün “Bank Standard” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

“Azər-Türk Bank”dan Trend-ə verilən məlumata görə, yığıncaqda QSC-nin Müşahidə Şurası və Audit Komitəsinin və İdarə Heyətinin tərkibi yenidən formalaşdırılıb.

Xalid Əhədov bankın idarə heyətinin yeni sədri, Mustafa Rəşidov isə bankın idarə heyətinin üzvü vəzifələrinə təyin olunublar.

Bankın Müşahidə Şurasının sədri Rumiyə Məmmədova, üzvləri Xəyyam Əliyev və Elşad Şirinbəyov təyin olunublar. Audit Komitəsinin sədri Zamiq Məmmədov, üzvləri Raman Abışov və Paşa Əhmədzadə təyin olunublar. Bundan başqa, Xalid Əhədov İdarə Heyətinin sədri və Mustafa Rəşidov isə İdarə Heyətinin üzvü vəzifələrinə təyin olunublar.

Rumiyə Məmmədova 1994-cü ildən bank sektorunda fəaliyyət göstərir və 8 dekabr 2014-cü il tarixindən “Azər-Türk Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışır.

Xalid Əhədov 1998-ci ildən bank sektorunda fəaliyyət göstərir və bu təyinatından öncə “Unibank” ASC-nin baş icraçı direktoru vəzifəsində işləyib.

Səhmdarların ümumi yığıncağının növbədənkənar iclasında həmçinin 4 avqust 2016-cı il tarixindən "Bank Standard” QSC-nin sağlamlaşdırılması proqramının birinci mərhələsinin icrasına başlanılması qərarı alınıb. Bankın sağlamlaşdırılması proqramının icrası ilə bağlı ictimaiyyətə "Bank Standard" QSC tərəfindən ətraflı məlumat veriləcək.

Məlum olduğu kimi, ölkənin maliyyə sektorundakı mövqeyi, aktivlərinin xüsusi çəkisi və sistem əhəmiyyəti nəzərə alınaraq, səlahiyyətli orqanlarla razılaşdırılmış şəkildə “Bank Standard” QSC-nin sanasiyası barədə qərar qəbul edilib. Qəbul edilmiş qərara əsasən "Bank Standard"ın səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsi ilə sağlamlaşdırılması, bu ilin avqust ayının 3-dək "Azər-Türk Bank" tərəfindən idarəetmə orqanlarının yenidən formalaşdırılması və həmin tarixdən etibarən bankın fəaliyyətinin biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti