...

Hesablama Palatası: 2 qurum üzrə müvafiq xərclər icra olunmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2017 17:02 (UTC +04:00)
Büdcə xərclərinin planlaşdırılması prosesində büdcədənkənar xərclərin nəzərə alınması təşkilatları büdcədənkənar vəsaitlərin cəlb edilməsinə stimullaşdırar.
Hesablama Palatası: 2 qurum üzrə müvafiq xərclər icra olunmayıb

Bakı. Trend:

Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata dair hazırladığı rəydə 2016-cı ildə büdcə təşkilatlarının iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətlərindən əldə etdikləri gəlirlərdən formalaşan büdcədənkənar vəsaitlər üzrə xərclərinin 305,0 mln. manata qarşı 239,0 mln. manat məbləğində və ya 78,4% səviyyəsində icra edildiyi göstərilib, qeyd olunub ki, bu göstərici 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 37,2 mln. manat və ya 18,4% çoxdur.

Palatadan Trend-ə verilən məlumata görə, büdcədənkənar xərclərin funksional təsnifat üzrə strukturuna nəzər saldıqda, 2015-ci il dövlət büdcəsində olduğu kimi, büdcədənkənar xərclər üzrə ən yüksək icra səviyyəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsi (96,3%), ən aşağı icra səviyyəsinin isə “Müdafiə” bölməsi üzrə (41,8%) müşahidə olunduğu vurğulanıb.

Xüsusi çəki göstəricisinə gəldikdə isə qeyd edilib ki, daha yüksək xüsusi çəki “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” və “Ümumi dövlət xidmətləri” bölmələrinə aid olub.

2015-ci ilin icra göstəriciləri ilə müqayisədə funksional təsnifatın 7 bölməsi üzrə büdcədənkənar xərclər artıb, 1 bölməsi üzrə azalıb. Əsas artım (24,3 mln. manat və ya 49,5%) “Ümumi dövlət xidmətləri” bölməsi, azalma (1,3 mln. manat və 8,6%) isə “Təhsil” bölməsi üzrə olub.

Büdcədənkənar xərclər üzrə məlumatların inzibati təsnifat üzrə təhlili göstərir ki, Vergilər Nazirliyi üzrə büdcədənkənar xərclərin icrası dövlət büdcəsinin ümumi büdcədənkənar xərclərinin icrasında ən yüksək (23,5%) xüsusi çəkiyə malik olub, hesabat ilində müvafiq xərclər 56 199,7 min manat məbləğində icra edilib ki, bu da planlaşdırılmış xərclərin 97,1%-ni təşkil edib. Rəydə büdcədənkənar xərclərdə nəzərəçarpacaq xüsusi çəkiyə malik olan digər qurumlar sırasında isə Təhsil Nazirliyi (4,3%), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (3,6%) qeyd edilib.

Rəydə o da qeyd olunub ki, 2 qurum (Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi və Müəllif Hüquqları Agentliyi) üzrə müvafiq xərclər nəzərdə tutulsa da, hesabat ilində icra olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti