Bakı. Trend:
Oxford Universiteti və İngilis-İsveç əczaçılıq şirkəti "AstraZeneka" tərəfindən birgə hazırlanan koronavirus peyvəndi əvvəllər planlaşdırıldığı kimi bu dekabrda deyil, 2021-ci ilin yanvarında Braziliyaya gətiriləcək.
Trend TASS-a istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Eduardo Pazuellu bunu CNN Brasil telekanalına müsahibəsində deyib.
"Oxford peyvəndinin tədarükü yanvar ayında başlayacaq. 30 milyon [doza] olan ilk partiya ölkəyə yanvar ayında gələcək, bir qədər sonra isə Braziliyada 70 milyon doza istehsalı üçün xammal çatdırılacaq", - nazir deyib. Rəsminin sözlərinə görə, müvafiq təxirə salınma hökumətlə "AstraZeneka" arasındakı müqavilədə nəzərdə tutulub. Daha əvvəl ilk 15 milyon dozanın Cənubi Amerika respublikasına dekabr ayında gəlməsi gözlənilirdi.
Məlumata görə, "AstraZeneka" Braziliya rəhbərliyindən tədarükün təxirə salınmasını "dünya miqyasında koronavirus əleyhinə dərmana tələbin artması" səbəbindən istəyib. Bildirilir ki, şirkət Braziliyanı peyvəndinin yayılması üçün prioritet istiqamətlərdən biri hesab edir.