Bakı. Sədrəddin Ağcayev - Trend:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti 10 il ərzində "yaşıl" limana transformasiyası üçün işlər aparılır.
Trend-in məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov “Yaşıl Limanlar və liman idarəedilməsində yeni üsullar” mövzusunda tədbir zamanı deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə birgə layihənin başa çatdırılması digər rəqəmsal layihələrin reallaşdırılması üçün stimul olacaq.
"Bizim limanımız Aİ ilə birgə dayanıqlı fəaliyyətin təşkil olunması üzrə işlər aparır. Azərbaycanda rəqəmsallaşma sahəsində böyük həcmdə işlər görülür. Son iki il ərzində bizim rəqəmsal alətlərin sınaqdan keçirilməsi və istifadəsi üzrə böyük təcrübəmiz olub", - deyə o bildirib.
Baş direktor, həmçinin əlavə edib ki, Zəngəzur dəhlizi bütün istiqamətlər üzrə ən qısa marşrutlar açacaq və Azərbaycan vasitəsilə yüklərin göndərilməsi həcmini artıracaq.
"Ölkəmizin və limanın coğrafi mövqeyi Azərbaycanı logistika qovşağına çevirir və biz artıq bu istiqamətdə işlər görürük", - T.Ziyadov deyib.
(Tərcümə: Orxan Nəbiyev)