Sentyabrın 14-də Bakıda arıçılıq təsərrüfatı məhsullarının 4-cü ümumrespublika sərgi-yarmarkası öz işinə başlayıb. Trend in xəbər verdiyi kimi, tədbir Kənd Təsərrüfatı Nazirliyi, "Qızıl Pətək" EİB və Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.
Sərginin təntənəli açılış mərasimində Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, Səbail rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov və arıçılıq sahəsində mütəxəssislər, həmçinin, Azərbaycanın təxminən 50 rayonundan (Daşkəsən, Quba, İmişli, Yardımlı, Balakən, Qax, Ağdaş, Goranboy, İsmayıllı, Lənkəran, Şəki, Oğuz, Naxçıvan, Göyçay və s.) arıçılar da iştirak ediblər.
"Qızıl Pətək" EİB-nin rəhbəri Yevdokiya Xanbəyovanın jurnalistlərə bildirdiyi kimi, tədbirə olan maraqla əlaqədar, o, daha 2-3 gün uzadıla bilər. Onun sözlərinə görə, sərgi-yarmarkada sitrus, cökə, günəbaxan və müxtəlif otlardan hazırlanmış müxtəlif bal növləri nümayiş etdirilir.
Balın qiymətinə gəldikdə, E.Xanbəyova bildirib ki, balın növündən asılı olaraq onun 1 kq-nin qiyməti 30 min ($6,5) və 70 min manat ($15,3) arasındadır.