Azərbaycanın 12548 obyektində kassa aparatlarından istifadə qaydaları pozulub
Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə genişmiqyaslı tədbirlər çərçivəsində 45 633 obyektdə vergi reydləri keçirib.
Trend in Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin press-relizinə istinadən verdiyi xəbərə görə, avqustun 16-na olan vəziyyətə görə, 12548 obyektdə qanunvericiliyin pozulması faktı aşkar edilib. Nəticədə bu obyektlərə 1153,636 min manat məbləğində inzibati cərimə kəsilib.
Vergi reydləri iyulun 24- dən Bakı üzrə keçirilməyə başlamış, lakin bu ay reydlər Sumqayıt və Abşeron üzrə keçirilir və gələcəkdə ölkənin digər bölgələrini də əhatə edəcək. Vergi reydləri nəzarət-kassa aparatlarından istifadə edilməsi və vurulmuş kassa çeklərinin alıcılara təqdim edilməsi, yəni əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarət məqsədilə həyata keçirilir.