...

Azərbaycanda yük daşımaları ötən illə müqayisədə 10%-ə qədər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2006 15:13 (UTC +04:00)

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ilin yanvar - sentyabr aylarında Azərbaycanın nəqliyyat sektoru ilə 101,4 mln. ton müxtəlif yük daşınıb ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,4% çoxdur. Trend in xəbər verdiyi kimi, daşınmış yüklərin ümumi həcminin 54,8%-i özəl sektorun payına düşür. 9 ay ərzində yüklərin ümumi həcminin 52,5%-i avtomobil nəqliyyatı, 14,4%-i boru kəmərləri, 22,6%-i dəmir yolu, 10,5%-i isə dəniz nəqliyyatı ilə daşınıb.

2006-cı ilin yanvar-sentyabr aylarında sərnişin nəqliyyatı ilə 783,8 mln. nəfər daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,8% çoxdur. Daşımaların 84,5%-i özəl sektor tərəfindən həyata keçirilib. Daşımanın 84,6%-i sərnişin avtomobil nəqliyyatı, 14,7%-i isə metronun payına düşüb.

Dəmir yolu nəqliyyatı ilə 22,9 mln. ton müxtəlif yük daşınıb. Bu, 2005-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 22,6% çoxdur.

Dəniz nəqliyyatı ilə 10,6 mln. ton müxtəlif yük daşınıb. Bu göstərici 2005-ci ilin yanvar-sentyabr aylarından 6,6% çoxdur. Daşınmış yüklərin ümumi həcminin 2/3 hissəsi neft və neft məhsullarının, yerdə qalan hissə quru yüklərin, 99,7% beynəlxalq əməliyyatların payına düşür. Sərnişin daşımanın həcmi 9,2% artıb.

Azərbaycan limanlarında emal edilmiş yüklərin həcmi 2006-cı ilin yanvar-sentyabr aylarında 4,6 mln ton təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11,4% çoxdur. Emal edilmiş yüklərin ümumi həcminin 83,7%-ni 8,3% artmış tranzit yüklərinin payına düşüb. Bununla yanaşı, idxal yüklərinin həcmi 12,2%, ixrac yüklərinin isə 42,2% artıb.

Avtomobil nəqliyyatı ilə 53,2 mln. ton yük daşınıb. Bu, 2005-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,3% çoxdur. Sərnişin daşımaların həcmi 663 mln. nəfər (5,6% artıb) təşkil edib.

Metropolitenlə sərnişin daşımaların həcmi 7,7% artaraq 115,1 mln. nəfərə bərabər olub. Bu ilin iyulundan trolleybuslarla daşıma tamamilə dayandırılıb.

Hava nəqliyyatıf ilə sərnişin daşımanın həcmi 7,8% artıb və 988 min nəfər olub. Bunun 5,9%-i sərnişin daşımanın həcmini 7,3% artırmış qeyri-dövlət sektorunun payına düşür.

Yanvar-sentyabr aylarında Avrasiya nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən 32,2 mln. ton həcmində daşımalar həyata keçirilib. Bu, ötən ilin həmin dövrü ilə müqayisədə 8,4% çoxdur və respublikada daşınmış yüklərin ümumi həcminin 35,9%-ni təşkil edir.

Xəbər lenti

Xəbər lenti