...

AZPROMO "Xarici investisiyaların cəlb olunması üçün sənaye zonalarının yaradılması" mövzusunda dəyirmi masa keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2006 15:58 (UTC +04:00)

Trend-i buradan izləyin

Avropa Birliyinin TACIS proqramı ilə əməkdaşlıqda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil olunmuş "Xarici investisiyaların cəlb olunması üçün sənaye zonalarının yaradılması" mövzusunda "dəyirmi masa" noyabrın 20-də keçiriləcək. Trend AZPROMO-nun məlumatına istinadən xəbər verir ki, bununla yanaşı noyabrın 26-da Azərbaycanın investisiya qanunvericiliyinə dair müzakirələr planlaşdırılır. Dəyirmi masalar İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə, TACIS-in AZPROMO-ya dəstək layihəsi çərçivəsində həyata keçiriləcək.

Müzakirələrdə iş adamlarının, rəsmi şəxslərin və Avropa ekspertlərinin iştirakı gözlənilir. Müzakirələrin nəticəsində AZPROMO-nun hökümətin investisiya siyasətinin dəstəklənməsinə yönəlmiş fəaliyyətinə dair tövsiyyələr hazırlanacaq.

"Hesab edirəm ki, müzakirələr ölkəyə investisiya axınının daha da genişlənməsi üçün öz töhvəsini verə bilər", - deyə AZPROMO Müşahidəçilər Şurasının sədri, millət vəkili Çingiz Əsədullayev bildirib.

"Tədbirlərin məqsədi Avropa ekspertlərilə təcrübə mübadiləsi, investisiya mühitinə dair yerli biznes-icmanın fikirlərini öyrənməkdən ibarətdir", - deyə AZPROMO-nun prezidenti cənab Emil Məcidov bildirib. AZPROMO-nun prezidenti Fondun AB TACIS proqramı ilə əməkdaşlığını müsbət qiymətləndirib.

"Bu müzakirələr sonuncu deyil - Fonda dəstək layihəsi çərçivəsində həmçinin ixracın inkişafı, azad iqtisadi zonaların yaradılması mövzularında "dəyirmi masaların", konfransın keçirilməsi nəzərdə tutulur", - deyə AB TACIS layihəsinin icrası üzrə qrupun rəhbəri cənab Jan-Klod Ravo (Jean-Claude Raveau) bildirib. O qeyd edib ki, 2 avqust 2005-ci il tarixindən icrasına başlanmış layihə çərçivəsində artıq bir sıra tədbirlər uğurla həyata keçirilib. "Tədbirlər sırasına Bakıda və bölgələrdə iş adamları üçün təşkil olunmuş treninqləri, çoxsaylı dəyirmi masaları, konfransları və AZPROMO-ya dəstəyin başqa formalarını aid etmək olar", - deyə cənab Ravo bildirib.

Xəbər lenti

Xəbər lenti