...

Ekspert: "Azərbaycanın sığorta bazarının inkişafı üçün qanunvericilik bazasının sərtləşdirilməsi lazımdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 12:40 (UTC +04:00)
Ekspert: "Azərbaycanın sığorta bazarının inkişafı üçün qanunvericilik bazasının sərtləşdirilməsi lazımdır"

Azərbaycan, Bakı /müx. Trend . Ü.İsmayılova/ Azərbaycanın sığorta bazarının normal inkişafı üçün müvafiq qanunvericilik bazasının sərtləşdirilməsi vacibdir. Bu fikir "Pasha Sığorta" şirkətinin baş direktorunun müavini, sığorta üzrə ekspert Nofəl Rzayevə məxsusdur. Onun sözlərinə görə, Azərbaycanın sığorta bazarında üç əsas problem mövcuddur:

- bazar iştirakçılarının peşəkarlığının çatışmazlığı,

- məcburi sığorta növlərinin lazımi dərəcədə nizamlanmaması,

- agent komissiyalarının faiz səviyyəsinin pozulması.

"Şirkətlərin peşəkarlığından danışarkən mövcud 29 şirkətdən həqiqətən də peşəkarlıq səviyyəsinə riayət etməyə çalışan bir neçə qurumu qeyd etmək olar. Ancaq 2-3 şirkət var ki, onlar bazarın ümumi aurasını tamamilə pozur, sığortaçıların etibarını qırır" - deyə Rzayev qeyd edib.

Məcburi sığorta növlərinə gəldikdə isə burada ciddi problemlər var. Məsələn, avtomobil sahiblərinin məsuliyyətinin məcburi sığortası mövcuddur və bu, bütün dünyada bazarın lideri rolunda çıxış edir. Azərbaycanda isə bu sığorta növləri bəzi dövlət strukturlarının düzgün tənzimləmə siyasəti yürütməməsindən lazımi səviyyədə deyil.

"Məsələn, mən təqdir edirəm ki, indi yanğınlardan məcburi sığortanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tənzimləyir. İndi heç kim bu sığorta növündən yayına bilməz. Ona görə ki, bu nazirlik yanğından sığortanın monitorinqi ilə ciddi məşğul olur" - deyə o bildirib.

Rzayevin sözlərinə görə, Azərbaycanın sığorta bazarının daha bir problemi agent komissiyaları faizlərinin səviyyəsi ilə bağlıdır.

"Bir çox şirkət agentlərinə təsdiqlənmiş 17,5 faizdən çox faiz verir. Nəticədə bu, qeyri-peşəkar rəqabət üçün şərait yaradır" - deyə o qeyd edib.

Bəzi şirkətlər agentlərə 20-30 faiz ödəyirlər, bu isə bazarda maliyyə fırıldaqlarından xəbər verir.

Xəbər lenti

Xəbər lenti