Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Bakı Fond Birjasının illik dövriyyəsi ilk dəfə olaraq 2 mlrd. dolları ötüb. Bu barədə Fond Birjasının məlumatında göstərilib.
Cari ilin tam başa çatmamış ilk 7 ayı ərzində Bakı Fond Birjasında ticarət olunan alətlər üzrə keçirilmiş əqdlərin məcmu dövriyyəsi 1.749,635 mln. AZN (16 iyul tarixinə olan vəziyyət) təşkil edib ki, bu göstərici də dollarla ifadədə rəsmi məzənnə üzrə 2.046,836 mln. dollara bərabərdir.
Beləliklə, ilin əvvəlində birja analitikləri tərəfindən 3 mlrd. ABŞ dolları olacağı proqnozlaşdırılan birja dövriyyəsinin ötən 6,5 ay ərzində artıq 2/3 hissəsi yerinə yetirilib.
Əqdlərin 87,58%-i dövlət qiymətli kağızlarının və repo əməliyyatlarının payına düşür. Ötən dövr ərzində birja dövriyyəsində ən yüksək xüsusi çəki AMB-nin Notları üzrə ilkin bazarda qeydə alınıb - 45,39%.
Cari ilin ilk 6 ayı ərzində birjanın məcmu dövriyyəsinin ÜDM-ə nisbəti 13,98% təşkil edib, bu da 2006-cı ilin analoji dövrünün eyni göstəricisini (6,14%) 7,84 faiz üstələyir.