...

"Trend Capital"ın eksperti: "Biznesmenlər sənaye şəhərciyində birinci yerləri tutmağa tələsməlidirlər" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2007 14:52 (UTC +04:00)
"Trend Capital"ın eksperti: "Biznesmenlər sənaye şəhərciyində birinci yerləri tutmağa tələsməlidirlər" (video)

Azərbaycan, Bakı/ Trend / 2007-ci ildə Azərbaycanda birinci sənaye şəhərciyinin əsası qoyulacaq. Şəhərciyin fəaliyyət göstərməsi üçün ölkədə bütün komponentlər və uyğun qanunvericilik bazası mövcuddur: prezident göstərişi, Nazirlər Kabinetinin fərmanları çap olunub, layihə isə dövlət tərəfindən müsbət qarşılanıb.

Yeni Yaşmada sənaye şəhərciyinin tikintisinin hələ yeni başlanmasına baxmayaraq, Azərbaycan şirkətləri yeni şəhərcikdə istehsal sahələri və ofislərin icarəsi ilə bağlı danışıqlar aparmalıdırlar. Tezliklə biznes-şəhərcik layihəsinin yaradılması reallaşma mərhələsinə daxil olacaq, bu səbəbdən də bu layihədə iştirak etmək istəyən firmalar istehsalı təşkil etmək məqsədilə müvafiq sahələr seçə bilərlər. Mümkündür ki, ilkin mərhələdə ofis və istehsalat üçün nəzərdə tutulmuş sahələr biznesmenlərə güzəştli qiymətlərlə verilsin.

Sənaye şəhərciyi kommunikasiya, idarəetmə sisteminə və hətta sosial infrastruktura malik bir o qədər də böyük olmayan bina və ərazi kompleksindən ibarət olacaq və burada icarəçilərin sahibkarldıq fəaliyyətini həyata keçirməsi üçün bütün şərait yaradılacaq.

Burada fəaliyyət göstərən şirkətlər yarımstansiyalardan, dəmir yolu, yanğın, tibbi və mehmanxana xidmətlərindən istifadə edə bilərlər. Bu, müəssisələrə əlavə nəqliyyat və infrastruktur xərclərindən qaçmağa imkan verəcək. Sözü gedən sənaye şəhərciyi müəyyən dərəcədə alıcılar üçün ticarət mərkəzinin oynadığı rolu oynayacaq: müştəri lazım olan mallar və xidmətləri bir yerdə əldə edə biləcək.

Sənaye şəhərciyində fəaliyyət göstərən şirkətlər üçün xüsusi üstünlüklər və vergi güzəştlərinin mövcud olmasına baxmayaraq, şirkətlər güzəştli kreditlər əldə etmək üçün də geniş imkanlara malik olacaqlar.

Sənaye şəhərciyində yerli şirkətlərlə bərabər xarici şirkətlər də fəaliyyət göstərə bilərlər. Üstünlük ixracat məhsullarının istehsalına veriləcək.

Yeni Yaşmada sənaye şəhərciyinin yaradılması yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Müxtəlif hesablamalara görə, 2 mindən çox insan işlə təmin olunacaq.

Bu, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaqdan əlavə paytaxta aparan yolda ictimai nəqliyyat yükünü azaldacaq. Əgər Azərbaycanda birinci sənaye şəhərciyinin yaradılması təcrübəsi özünü doğruldarsa, bu kimi biznes-şəhərcik regionlarda da yaradıla bilər.

Azərbaycanda xüsusi sənaye şəhərciklərinin yaradılması digər bir tərəfdən də vacibdir ki, ölkədə turizm aktiv şəkildə inkişaf edir, bu səbəbdən də sənayenin inkişafı nə əhaliyə, nə də təbiətə ziyan vurmamalıdır.

Buna ən parlaq misal Türkiyədir ki, burada sənaye şəhərciklərinin yaradılması ölkə iqtisadiyyatının turizm də daxil olmaqla iri ixracat sahələrinin güclü inkişafına səbəb olub.

İki ildən artıq işlənməkdə olan sənaye şəhərciyi layihəsi Türkiyənin Əməkdaşlıq və İnkişaf üzrə Agentliyi tərəfindən həyata keçirilir. UNİDO tərəfindən hazırlanan texniki -iqtisadi əsaslandırmanın ilkin variantına əsasən, şəhərciyin tikilməsi üçün 28 mln. dollar tələb olunur. Sənaye şəhərciyinin tikintisinin dəyərinin əsas hissəsini Azərbaycan hökuməti maliyyələşdirir. Tikinti işlərinin başlanması məqsədilə dövlət büdcəsindən 8 mln. dollar ayrılıb və bu tikintinin ilk altı ayı üçün nəzərdə tutulub. Tikinti işləri 1,5 il çəkəcək.

(Ellada Xankişiyeva - Trend ın analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti