Azərbaycan, Bakı/ Trend / Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının cümə axşamı keçirilən növbəti iclasında baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin sayı azaldılıb, bəzi tariflərin səviyyəsi isə aşağı salınıb.
Tarif Şurasının cümə günü yaydığı məlumata əsasən, ümumilikdə 5 bölmə üzrə 120 növ xidmət müəyyənləşdirilib.
"Yeni tariflər bu sahədə olan problemlərin aradan qaldırılmasına imkan verəcək və baytarlıq xidmətinin maddi-texniki bazasının gücləndirilməsinə şərait yaradacaq",-deyə məlumatda göstərilir.
Şuranın iclasında laborator müayinə tarifləri sistemləşdirilib, istehlakçıların praktiki istifadəsini asanlaşdırmaq üçün Dövlət Fitosanitar Nəzarəti Xidmətlərin 14 bölməsinin 7 bölmədə qruplaşdırılması qərara alınıb və tariflərdə dəyişikliklər edilib.
Ceyranbatan su anbarından su istehlakçıları üçün pullu istifadə tətbiq etməklə özünümaliyyələşdirmə sisteminə keçilib. Samur-Abşeron Kanalının İstismarı İdarəsinin xidmətlə bağlı xərclərində elektrik enerjisi xərclərinin xüsusi çəkisinin yüksək olması və son tənzimləmə tədbirləri, eləcə də işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əmək haqlarının artırılması nəticəsində maya dəyərində dəyişikliklər baş verib, bu isə tariflərə yenidən baxılmasını zəruri edib. Şuranın qərarına əsasən, Ceyranbatan Su Anbarı üzrə hər 1000 m3 suyun topdansatış qiyməti 20 manat (ƏDV-siz) müəyyən olunub.
Tarif Şurası qeyd edir ki, Ceyranbatan Su Anbarı üzrə satılan suyun əsas istehlakçısı "Azərsu" ASC-dir və yeni tariflər "Azərsu" ASC-nin maliyyə təsərrüfat fəaliyyətinə ciddi təsir göstərməyəcək.