...

"McDermott" Xəzər regionunda fəaliyyətinin 15 illiyini qeyd edir

Energetika Materials 19 Dekabr 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "McDermott" Amerika şirkətindən verilən məlumata görə, şirkət Xəzər regionunda fəaliyyətinin 15 illiyini qeydl edir. Ötən 15 il ərzində "MakDermott" regionda yerləşən dörd ölkəni, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanı təmsil edən yeddi sifarişçini xidmətlərlə təmin edib.

"MakDermott" Azərbaycanda 1992-ci ildə fəaliyyət göstərməyə başlayıb, həmin vaxt şirkət "Azəri" yatağının işlənməsi layihəsi üzrə dənizdə və quruda yerləşən obyektlərlə bağlı konseptual layihə üçün texniki və iqtisadi əsaslandırmaların hazırlanmasını həyata keçirirdi. 1996-cı ildə isə "MakDermott" 1994-cü ildə təsis edilmiş Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) üçün İlkin Neft Layihəsi çərçivəsində "Çıraq" platformasının və "Azərbaycan" kran gəmisinin modernləşdirilməsi işlərini yerinə yetirməklə fəaliyyətə başlayıb.

2001-ci ildən etibarən "MakDermott" dünyada ən iri dəniz karbohidrat yataqlarından biri olan Azərbaycan sularında neft və qaz yataqlarının istismarı üzrə ABƏŞ-in son layihələrinə cəlb olunub. Operatoru BP olan konsorsiumlarla bağlanmış kontraktlar çərçivəsində "MakDermott" Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) ümumi çəkisi 60 000 tondan artıq olan dörd birləşmiş üst tikili hazırlamış, həmçinin "Azəri", "Çıraq", "Dərinsulu "Günəşli" (AÇG) və "Şah Dəniz" yataqlarında 1200 km-dən artıq boru kəməri çəkib.

ABƏŞ-lə bağlanmış kontraktlar çərçivəsində "MakDermott" BDÖZ-də tam layihə infrastrukturu yaratmış, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus olan "İsrafil Hüseynov" boru düzən gəmisini və "Akademik Tofiq İsmayılov" dalğıc gəmisini əhəmiyyətli dərəcədə modernləşdirib. Hər iki gəmi "MakDermott" tərəfindən dəniz boru kəmərlərinin çəkilişi məqsədilə istismar edilir. Həmin layihələrə təqribən 40 milyon adam-saat sərf olunmuşdur ki, onun da təxminən 75%-i yerli Azərbaycanlı mütəxəssislərin payına düşür.

Bu müddət ərzində "MakDermott" həmçinin Qazaxıstan və Türkmənistan üçün də layihələr həyata keçirib və şirkətin apardığı əməliyyatların miqyasını Xəzər dənizi boyunca genişləndirən səylər göstərib.

"Biz burada, Azərbaycanda qazandığımız nailiyyətlərlə fəxr edirik. Həmçinin ABƏŞ, BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bu müddət ərzində yaratdığımız sıx əməkdaşlıq münasibətlərindən də iftixar hissi keçiririk. Biz birlikdə bir çox çətinliklərlə rastlaşmışıq, lakin eyni zamanda bir sıra gözəl nəticələrin qazanılmasına da birlikdə nail olmuşuq. Hər şeydən əvvəl isə biz öz işçilərimizlə və onların bizim işimizin başlıca amilləri olan əmək təhlükəsizliyi, keyfiyyət, məhsuldarlıq və əxlaq məsələlərinə sədaqətləri ilə qürur hissi keçiririk" - deyə Xəzər əməliyyatları üzrə vitse-prezident və baş menecer Den Hauzer bildirib.

Xəbər lenti

Xəbər lenti