Azərbaycan, Bakı, 10 iyun / Trend / Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) əlvan məhsulların istehsal həcmi 5,8 faiz artıb. Bunun sayəsində müəssisənin illik gəliri 40 mln. manat artıb. Bu haqda zavodun direktoru Elman İsmayılovun sözlərinə istinadən "Caspian" jurnalı yazıb.
Əlvan məhsulların istehsal həcmini artırmaq məqsədilə NEZ-də mazut vasitələrindən istifadə olunub, Q-43 -107 M katolitik krekinq qurğusunun yenidən qurulmuş hidrotəmizləmə bloku işə salınıb ki, bu da təkrar proseslərin ikinci dərəcəli məhsulların emalına imkan yaradır.
Dizel yanacağının tərkibində sera və aromatikanın az olması onun keyfiyyətini Avropa standartları dərəcəsinə yüksəldib, setan sayı 45-dən 47 pukta yüksəlib. Nəticədə əlvan neft məhsullarının istehsalı 5,8 faiz, müəssisənin illik gəliri isə 40 mln. manat artıb.
Hazırda neftin daha dərin emalı üçün xammal bazasının genişləndirilməsi istiqamətində zavodda yenidənqurma işləri davam edir. Q-43 -107 M katolitik krekinq kompleksini xammalla təmin edən, illik 2,4 mln. ton neft gücündə olan ELOU-AVT-2 qurğusunun vakum bloku tam yenilənib.
Aviasiya üçün ağ neftin yuyulması üzrə yeni tikinti düyünlərinin tikintisi planlaşdırılır. Onlardan biri artıq istismara verilib. Güzdəkdə ağ neft və dizel yanacağı doldurma estakadasının təkmilləşdirilməsi və yenilənməsi üzrə də işlər aparılır.
Neft Emalı Zavodunun 2015-ci ilədək strateji inkişaf proqramı tərtib olunub. Proqram ELOU-AVT-6, visbrekinq prosesinin tətbiqi ilə 21-10/5 kokslama qurğusunda və avtomatik idarəetmə sistemində də bir sıra işlərin aparılmasını nəzərdə tutur.
Neft, neft məhsulları, reagent, katalizator və dünya standartlarına uyğun analizlərin aparılmasını təmin etmək üçün laboratoriya üçün yeni binanın tikintisi planlaşdırılır.
NEZ-də təkmilləşdirmə üzrə aparılan işlər məhsul istehsalını artıra və neft məhsullarının keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı, itkilərini də azalda bilər.