Azərbaycan, Bakı, 15 iyul/ Trend / ABŞ Azərbaycan ərazisi vasitəsilə karbohidrogenlərin Mərkəzi Asiyadan Avropaya nəqli haqqında danışıqların intensivləşməsində maraqlıdır. Bu barədə Bakıda, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşdə ABŞ Dövlət Katibinin Avrasiya məsələləri üzrə baş müşaviri Stiven Mənn məlumat verib.
Mənn bildirib ki, ABŞ Hökuməti Azərbaycan və Türkmənistan arasında son zamanlar başlayan ikitərəfli münasibətlərin inkişafına yardım edəcək addımlar atmaq niyyətindədir. Vaşinqton Türkmənistanın qaz tədarükünü diversifikasiya etməsinə və Nabucco boru kəməri layihəsində iştirakına nail olmağa çalışır.
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, sentyabrın 9-10-da Bakıda iki ölkənin neft-qaz potensialı üzrə birgə Azərbaycan-Türkmənistan sərgi və konfransı keçiriləcək.
Səfərin gedişində Əliyev və Mənn enerji təhlükəsizliyi, karbohidrogenlərin Xəzər regionundan dünya bazarlarına nəqli, bu məsələdə birgə əməkdaşlıq məsələlərini, həmçinin, neftin dünya qiymətlərinin kəskin artması tendensiyasını da müzakirə ediblər.
Nazir bildirib ki, Azərbaycan daimi olaraq neftin qiymətlərinin optimal formalaşdırma mexanizmlərinin qəbulu və dünya bazarlarında neftin dünya qiymətlərinin artması ilə əlaqədar yaranan problemlərin aradan qaldırılması üzrə işlər aparır.