Azərbaycan, Bakı, 04 avqust/ Trend / Sentyabrın 9-10-da Bakıda "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşıq strategiyası" beynəlxalq konfransı keçiriləcək, - bazar ertəsi Iteca Caspian Şirkətinin yaydığı məlumatda deyilir.
İki ölkə arasında münasibətlərdə energetika sektorunda əməkdaşlıq əsas rol oynayır. Məlumatda qeyd edildiyinə görə, Azərbaycan və Türkmənistan energetika resurslarının istehsalı və onların nəql edilməsi üzrə dünya bazarında aparıcı yer tuta bilərlər.
Konfransda Azərbaycan və Türkmənistanın hökumət başçıları, dövlət strukturlarının nazir və rəhbərlərinin iştirak edəcəyi konfransda ümumilikdə dünyanın 31 ölkəsindən 275 nümayəndə olacaq. Konfransda Azərbaycan və Türkmənistanın neft-qaz həyatında aktiv iştirak edən dünyanın aparıcı şirkətlərinin öz layihələrinin təqdimatının keçirilməsi də planlaşdırılır.
Azərbayacn prezidenti İlham Əliyevin sərəncamına əsasən, konfransın hazırlığı və keçirilməsi üçün təşkilat komitəsi yaradılacaq. Komitənin tərkibinə Baş nazirin birinci müavini Yaqub Eyyubov, sənaye və energetika, ekologiya və təbbi sərvətlər nazirləri, xarici işlər, maliyyə, iqtisadi inkişaf və nəqliyyat nazirlərinin müavinləri daxil olacaqlar. Komissiyanın tərkibində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti də iştirak edəcəklər.