Azərbaycan, Bakı, 24 oktyabr/ Trend / Cari ilin yanvar-sentyabrında SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) "Abşeronneft" Neft-Qaz Çıxarma İdarəsi (NQÇİ) tərəfindən 16 yeni quyu istismara verilib. Bu barədə SOCAR-ın məlumatında bildirilir.
NQÇİ-nin qazdığı quyuların ümumi sayından ikisi "Abşeron bankası" yatağının payına düşür. Bu quyuların hesabına NQÇİ-də sutkalıq qaz hasilatı iki dəfə artaraq 40 min kubmetrdən 98 min kubmetrə çatıb.
"Gürgən Dəniz" yatağında da sutkalıq debiti 11 ton olan yeni neft quyusu istismara verilib.
Ümumilikdə yanvar-sentyabrda NQÇİ tərəfindən 127,6 min ton neft hasil edilib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 4,6 faiz çoxdur.