...

SOCAR şirkəti Gürcüstanda neft bazasının tikilməsinə hazırlaşır

Energetika Materials 26 Yanvar 2009 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar/ Trend , müxbir E.İsmayılov/

SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) SOCAR Georgia şirkəti martda Gürcüstanda şirkətin yeni neft bazasının tikintisinin podratçısının müəyyən edilməsi üçün tender elan etməyi planlaşdırır, - SOCAR Georgia-da, işlərə yaxın mənbə bazar ertəsi bildirib. Neft bazasının tikintisi layihəsinin dəyəri 15 mln. dollar qiymətləndirilir.

"Hazırda tikinti sahəsində kommunikasiyaların [su təchizatı və kanalizasiya kanalları] köçürülməsinin layihələşdirilməsi üzrə işlər aparılır. Martda neft bazasının tikintisinə tender elan etmək planlaşdırılır", - mənbə deyib.

SOCAR Georgia şirkəti bazanın tikintisi çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsi layihəsini artıq hazırlayıb və Gürcüstanın Ekologiya Nazirliyinə təqdim edib. Bundan başqa, neft bazasına aparacaq dəmir yollarının layihəsi də hazırlanıb və Gürcüstan Dövlət Dəmir Yoluna təqdim edilib. "İndi bu layihələr razılaşdırılır və neft bazasının tikintisi yalnız onlar razılaşdırıldıqdan sonra başlayacaq", - mənbə deyib.

Gürcüstanda neft bazasının tikintisinin layihələşdirilməsini Azərbaycanın Encotec (Engineering and Consulting Technologies) mühəndis şirkəti aparıb. Şirkət mühəndis xidmətləri, layihənin idarə edilməsi, tikinti və tikinti-montaj işləri, quraşdırma və istismaravermənin müşahidəsini təqdim edir.

Neft bazası Tbilisi beynəlxalq hava limanı yaxınlığında, Kiziki küçəsində tikiləcək. Ötən il şirkət tikinti işlərinin həyata keçirilməsi üçün təxminən 3 mln. dollar dəyərində beş ha torpaq sahəsi alıb.

Neft bazasında ümumi tutumu 20,5 min ton olan 24 çən yerləşəcək. Çənlərdə benzin, dizel, aviakerosin kimi neft məhsulları saxlanılacaq. Bundan başqa, maye qazın saxlanılması üçün burada ümumi tutumu 1200 kubmetr olan (hər biri 300 min) 4 çən yerləşdiriləcək. Yeni neft bazasının layihəsi üç ton tutuma malik bitum quyusunun tikintisini nəzərdə tutur. Bütün bu məhsullar Gürcüstan bazarında satılacaq, - mənbə əvvəllər deyirdi.

SOCAR Georgia-nın həmtəsisçiləri aşağıdakılardır: ARDNŞ - 51 faiz, Petro-Trans FZCO - 32,7 faiz və İvan Çxartişvili - 16,3 faiz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti