Gürcüstan, Tbilisi, 03 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Çox güman ki, Avropa "Nabukko" layihəsini sonadək çatdıracaq, çünki onun başqa alternativi yoxdur, - Gürcüstanın energetika naziri Aleksandr Hetaquri bildirib.
Onun sözlərinə görə, digər alternativ Rusiyadan həm siyasi, həm də iqtisadi asılılıqdır ki, bu da Avropa üçün yolverilməzdir.
"Nabukko" inşası beynəlxalq enerji bazarında yaranmış vəziyyətdən irəli gələn obyektiv reallıqdır, - gürcüstanlı iqtisadçı ekspert Temur Qoçitaşvili bildirib.
"Nabukko"nun inşası zərurətdən doğub və bu siyasi qərar deyil. Bundan çıxış edərək, layihəni siyasi qərarla pozmaq mümkün deyil", - Qoçitaşvili bildirib.
Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabər olacaq.
Layihənin iştirakçıları OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlayacaq.