...

Yunanıstan Azərbaycan qazının alınması barədə danışıqlar aparır – Baş nazir

Energetika Materials 17 Fevral 2009 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral/ Trend , müxbir A.Bədəlova, Y.Ostapenko/ Yunanıstan ildə 1 mlrd. kubmetrədək qaz almaq üçün hazırda Azərbaycan ilə danışıqlar aparır. Bu barədə Trend -a müsahibəsində Yunanıstanın Baş naziri Kostas Karamanlis bildirib.  

"Bu həcm 2013-cu ildə Türkiyə-Yunanıstan-İtaliya birləşdirici boru kəməri fəaliyyətə başlayanadək aralıq dövrdə tələbatın ödənilməsi üçün planlaşdırılıb", - deyə Karamanlis bildirib.   

Azərbaycan qazının Yunanıstan və İtaliyaya tədarükünün həyata keçirilməsini nəzərdə tutan ITGI nəqliyyat dəhlizi Türkiyənin yenilənmiş boru kəməri infrastrukturunu, həmçinin ITG və (Türkiyə-Yunanıstan birləşdirici boru kəməri) və IGI layihələrini özündə birləşdirir. Yunanıstan-İtaliya birləşdirici boru kəməri Türkiyə-Yunanıstan-İtaliya nəqliyyat dəhlizinin çatışmayan hissəsindən ibarətdir. Bu nəqliyyat dəhlizi qazın Xəzər regionu və Yaxın Şərqdən Türkiyə və Yunanıstan vasitəsilə İtaliya və Qərbi Avropaya nəqlinə imkan yaradacaq. ITGI-nın planlaşdırılan nəql gücü ildə 12 mlrd. kubmetr qaz təşkil edir.

"Nabukko" qaz kəməri barədə danışan Karamanlis qeyd edib ki, bu layihə Avropa bazarlarına təbii qaz tədarükünün şaxələndirilməsinin artırılması üçün nəzərdə tutulub.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəməri ilə qazın Azərbaycan və Mərkəzi Asiyadan Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulub. Boru kəmərinin maksimal nəqletmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Qaz kəmərinin tikintisinə 2011-ci ildə başlamaq nəzərdə tutulub. Boru kəməri ilə ilk tədarüklər 2014-cü ildə başlanacaq.

"Avropa İttifaqı "Nabukko" və ITGI layihələrini prioritet hesab edir, çünki onların hər ikisi Avropanın enerji təminatını yaxşılaşdırcaq və Cənub dəhlizinin inkişafına imkan yaradacaq", - deyə Karamanlis bildirib. 

Onun sözlərinə görə, bu iki layihə marşrut və tədarük mənbələrinin şaxələndirilməsinə çağıran ikinci Avropa strateji enerji xülasəsinin müəyyən etdiyi prioritetlərə uyğundur. Bu mənada, Karamanlisın sözlərinə görə, bu layihələr bir-birini tamamlayır.

Lakin Baş nazir vurğulayıb ki, Yunanıstanın diqqətini ITGI layihəsinə yönəltdiyi aydındır. "Türkiyə-Yunanıstan hissəsi hələ 2007-ci ilin noyabrından fəaliyyət göstərir, Yunanıstan-İtaliya birləşdirici boru kəmərinin yerüstü və sualtı hissələri isə son inkişaf mərhələsindədir", - deyə Karamanlis bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti