Azərbaycan, Bakı, 11 mart / Trend /
"Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəməri vasitəsilə yanvar-fevral aylarında 5,7 milyon ton Azərbaycan nefti nəql olunub. Bu barədə ARDNŞ-dən cümə axşam yayılan məlumatda deyilir. Bu ilin mart ayının 1-nə olan məlumata əsasən, neft kəmərinin işə başlamasından etibarən onun vasitəsilə 112,26 milyon ton neft nəql edilib.
BTC boru kəməri vasitəsilə yanvarda 3,04 milyon tona nisbətdə fevralda təxminən 2,7 milyon ton Azərbaycan nefti nəql olunub.
Yanvar-fevral aylarında Türkiyənin Ceyhan limanından dünya bazarlarına 5,4 milyon ton Azərbaycan nefti göndərlib. 2010-cu il martın 1-nə olan məlumata görə, BTC-nin işə başlamasından etibarən Ceyhan limanından təxminən 110 milyon ton Azərbaycan nefti dünya bazarlarına göndərilib.
Yanvar ayında 2,8 milyon tona nisbətdə fevralda Ceyhan limanından dünya bazarlarına 2,5 milyon ton neft göndərilib.
BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprelində, neftlə doldurulmasına isə 2005-ci ilin mayında başlanılıb.
BTC neft kəmərinin inşası 4 milyard dollara başa gəlib. Bu, inşaat işlərinə sərf edilən vəsaitdir. Boru kəmərinin doldurulması, maliyyə xərcləri və bank faizləri bu məbləğə daxil deyil. Ümumi maliyyə kreditinin məbləği 2,6 milyard dollar təşkil edir.
BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz ); Total (5 faiz); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).