ARDNŞ Bakı və Abşeronun qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə təklifin qiymətləndirilməsini aparır

Energetika Materials 27 Aprel 2010 18:30 (UTC +04:00)
ARDNŞ Azərbaycanın qaz təchizatı sisteminin müasir səviyyədə yenidən qurulması istiqamətində bu sahədə zəngin təcrübəyə malik xarici şirkətlərlə danışıqlar aparır.
ARDNŞ Bakı və Abşeronun qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə təklifin qiymətləndirilməsini aparır

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanın qaz təchizatı sisteminin müasir səviyyədə yenidən qurulması istiqamətində bu sahədə zəngin təcrübəyə malik xarici şirkətlərlə danışıqlar aparır. Bu barədə ARDNŞ-nin məlumatdında deyilir.

Hazırlanmış konsepsiyada mövcud qaz təchizatı təsərrüfatının Avropa standartlarına uyğunlaşdırılması əsas götürülüb. Yenidənqurma işlərinin istehlakçıların sayı baxımından daha böyük olan Bakı və Abşeron regionundan başlanılması nəzərdə tutulur.

Artıq Almaniyanın E.ON Ruhrgas şirkəti Bakının, ətraf qəsəbələrin və Abşeron rayonunun qaz təchizatı sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması üçün təkliflərini hazırlayaraq ARDNŞ-yə təqdim edib.

E.ON Ruhrgas şirkətinin ilkin hesablamalarına görə, dairəvi qaz təchizatı sisteminin tətbiq olunması, qazpaylayıcı şəbəkənin genişləndirilməsi və müasirləşdirilməsi, yeni kəmərlərin çəkilməsi, yerüstü boru şəbəkələrinin yerin altı ilə aparılması, mərkəzləşdirilmiş çevik nəzarət və ölçü-qeydiyyat sisteminin yaradılması, informasiya texnologiyalarından istifadə edilməsi, qəza dispetçer sisteminin təkmilləşdirilməsi, kompressorların, digər avadanlıqların, habelə "smart-kart" tipli qaz sayğaclarının quraşdırılması və başqa zəruri tədbirlərin həyata keçirilməsi üçün 1,1 milyard avro məbləğində investisiya qoyulmalıdır.

Bundan başqa, Almaniyanın nüfuzlu RWE şirkəti də yaxın vaxtlarda öz təkliflərini ARDNŞ-yə təqdim edəcəyini bildirib.

Bu məqsədlə danışıqlar digər Avropa şirkətləri ilə də davam etdirilir və onların da müəyyən edilmiş müddətdə konkret təkliflərlə çıxış edəcəkləri gözlənilir.

Bütün təkliflər əldə olunduqdan sonra ARDNŞ mütəxəssisləri tərəfindən dəyərləndiriləcək, bundan sonra isə Bakı və Abşeronun qaz təchizatı sisteminin yenidən qurulması layihəsi üzrə yekun qərar veriləcək. Bakı və Abşeronun qaz təchizatı sisteminin yenidən qurulması layihəsi ilə paralel olaraq respublikanın digər regionlarında da analoji işlərin aparılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti