...

"Azərikimya" İB Azərbaycan Dövlət Neft Akademiyası ilə əlaqələri genişləndirir

Energetika Materials 8 İyun 2010 19:34 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin rəhbərliyi Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) olub, burada istehsalat əlaqələri çərçivəsində görüş keçirib.
"Azərikimya" İB Azərbaycan Dövlət Neft Akademiyası ilə əlaqələri genişləndirir

Azərbaycan, Bakı, 8 iyun /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin rəhbərliyi Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) olub, burada istehsalat əlaqələri çərçivəsində görüş keçirib. Görüş zamanı İB-nin kimya müəssisələrində çalışan mütəxəssislərin əksəriyyətinin Akademiyanın məzunları olduqları, onların ölkəmizin kimya sənayesinin inkişafına mühüm töhfələr verdikləri qeyd olunub. Bu barədə ARDNŞ-nin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Bildirilib ki, hazırda burada təhsil alan tələbələrin böyük bir hissəsini gələcək kimyaçı-mühəndislər, texnoloqlar, mexaniklər, energetiklər təşkil edir və İB onların istehsalat həyatına hazırlanmasına dəstək verməyə hazırdır. Bunun üçün Birliyin müəssisələrində münasib şəraitin yaradılacağı görüşdə xüsusi vurğulanıb.

Görüş çərçivəsində gələcək mütəxəssislərin öz ixtisaslarına, həmçinin müasir informasiya texnologiyalarına mükəmməl yiyələnmələri, onların dünya standartlarına cavab verən texnoloji qurğuları idarə edə bilmələrinin vacibliyi qeyd olunub. Güclü elmi-texniki potensiala malik Neft Akademiyası ilə "Azərikimya"nın əlaqələrinin daha da genişləndirilməsi mühüm və məqsədəuyğun sayılıb.

ADNA-nın rektoru, akademik Siyavuş Qarayev çoxillik fasilədən sonra "Azərikimya" rəhbərliyinin bu ali təhsil ocağına gəlməsindən razılığını bildirib, zəngin ənənələrə, güclü elmi-texniki bazaya, təcrübəli professor-müəllim heyətinə malik olan, dünyanın onlarla neft ölkəsi üçün gənc mütəxəssislər hazırlayan Akademiya haqqında qonaqlara ətraflı məlumat verib, ikitərəfli əməkdaşlığı genişləndirmək səylərindən məmnunluğunu ifadə edib.

Görüş zamanı gələcək kimyaçılar, iqtisadçılar, mexanik və energetiklər üçün kurs və diplom işlərinin bilavasitə "Azərikimya" müəssisələrinin istehsalat sahələrində hazırlanması, tələbələrin diplom rəhbərlərinin İB-nin təcrübəli mütəxəssisləri arasından seçilməsi, əlaçı tələbələr üçün xüsusi təqaüdlərin təsis edilməsi, kimya müəssisələri üçün vacib olan ixtisaslar üzrə məzunların işlə təmin olunması və s. məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti