Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir K.Zərbalıyeva/
RED. əlavəsi: 5-ci abzasdan sonra Fövqəladə Hallar Nazirliyinin məlumatı əlavə olunub
ARDNŞ-in (Azərbaycan Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Neft Emalı Zavodu ərazisində baş vermiş yanğın tam söndürülüb. Bu barədə bazar ertəsi ARDNŞ-dən məlumat verilib.
Ərazidə yanğın saat 11:00-da, zavodun 140 saylı çənində baş verib. Alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub. Dərhal qərargah yaradılıb və alovun söndürülməsi üzrə işlərə başlanılıb.
Saat 12:50-də yanğın tam söndürülüb.
Ölən yoxdur.Yanğının səbəbləri araşdırılır.
Hazırda FHN-nin qüvvələri ətrafdakı çənlərin soyudulması prosesini və yanğından təhlükəsizlik tədbirlərini davam etdirirlər.
Fövqəladə hallar Nazirliyinin bazar ertəsi yaydığı məlumata görə, bu gün saat 11:06-da Bakı şəhəri, Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 7 nömrəli sexində içərisində 1000 kubmetr benzin olan çəndə yanğın baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin və digər aidiyyəti qurumların 40-a qədər texnikası və 250 nəfər şəxsi heyəti hadisə yerinə cəlb olunub.
Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yaxınlıqdakı digər çənlər və zavodun istehsal sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Hazırda soyutma işləri davam etdirilir. Yanğının başvermə səbəbləri araşdırılır.