Azərbaycan, Bakı, 11 dekabr /Trend/
Noyabrda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyinin Səthi aktiv maddələr və "Üzvi sintez" zavodlarında istehsal edilmiş məhsulun həcmi proqnozda nəzərdə tutulduğundan 30 faizə qədər çox olub. Bu barədə şənbə günü ARDNŞ-nin məlumatında deyilir.
Xüsusilə, müəssisələrdə kaustik soda, maye xlor, poliefir qətranı istehsalı üzrə tapşırıqlar uğurla yerinə yetirilib, etilen, propilen, butadien-divinil fraksiyası və piroliz qətranının istehsalı üzrə daha yüksək nəticələr əldə edilib.
Məlumata əsasən, Etilen-polietilen zavodu və digər kimya müəssisələrində istehsalat sahələrinin tədricən işə salınmasının nəticəsi olaraq Birlik üzrə istehsal həcmi oktyabr ayı ilə müqayisədə noyabrda 33 faizdən artıq yüksəlib.
Əmtəəlik məhsulun ümumi artımı ötən ilin müvafiq dövrünə nüsbətən 8,1 faiz təşkil edib.
Son iki ay ərzində Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan müəssisələri ilə yanaşı, Türkiyə və İraq təmsilçiləri də "Azərikimya" İB-nin məhsullarının sifarişçiləri sırasına qoşulublar. Yaxın günlərdə isə qiymətli kimyəvi məhsul olan polietilenin Çin Xalq Respublikasına tədarükü planlaşdırılır.