Azərbaycan, Bakı, 13 dekabr /Trend/
Sumqayıtda noyabr ayında güzəştsiz əhali kateqoriyası üzrə istehlak olunan elektrik enerjisinin dəyərinin ödənişi 103,72 faiz təşkil edib. Bu barədə şəhər İcra Hakimiyyətinin bazar ertəsi yaydığı məlumatda deyilir.
Noyabrda şəhərin güzəştsiz əhali qrupu tərəfindən 647,27 min manat dəyərində, 10787,84 min kilovat-saat həcmində elektrik enerjisi istifadə edilib. Bunun müqabilində əhali tərəfindən 671,35 min manat dəyərində ödəniş olub.
Hazırda Sumqayıtda güzəştsiz əhali kateqoriyası üzrə 79 501 nəfər abonent var. Şəhər üzrə ümumilikdə 76 723 ədəd elektrik sayğacı quraşdırılıb.
İcra Hakimiyyətinin məlumatında o da qeyd olunub ki, güzəştsiz əhalinin 66,7 faizi su sayğacı ilə təmin edilib. Noyabrda şəhərin güzəştsiz əhalisinə 414,4 min manat dəyərində içməli su verilib. Bu dövrdə istifadə edilən suya görə ödəniş 266,8 min manat təşkil edib ki, bu da təchiz edilən suyun ümumi məbləğinin 64,4 faizi deməkdir. Güzəştsiz əhali kateqoriyası üzrə 68 500 nəfər abonent var.