Gürcüstan, Tbilisi, 23 dekabr /Trend, müxbir N.Kirsxaliya/
"Bütün kəndlərə qaz" Prezident Proqramı çərçivəsində "SOCAR Georgia" şirkəti (ARDNŞ-nin Gürcüstan nümayəndəliyi) ölkənin Saqarecoy rayonunun Düzaqram kəndinin qazlaşdırılmasını başa çatdırıb. Bu barədə Gürcüstan Energetika Nazirliyinin məlumatında deyilir.
Layihə çərçivəsində 11 kilometrlik qaz boru kəməri tikilib və buna 528 157 lari xərclənib.
Kəndlərin qazlaşdırılması kəndlərə yüksək və orta təzyiqli qaz boru kəmərlərinin çəkilməsini nəzərdə tutur, bundan sonra abonentlər və paylayıcı qaz şirkətləri arasında saziş rəsmiləşən zaman istənilən istehlakçı qaz ala bilər.
Prezident Proqramı çərçivəsində ölkənin 70 faizinin qazlaşdırılması planlaşdırılır.
Gürcüstana qaz nəqli şirkətin gürcü bazarındakı fəaliyyəti çərçivəsində Qazax rayonu ərazisində iki ölkəni birləşdirən boru kəməri vasitəsilə həyata keçirilir. Bu kəmərlə qaz ixracının gücü ildə 2,5 milyard kubmetrdən çoxdur.
2008-ci ilin noyabrında Azərbaycan ilə Gürcüstan arasında saziş imzalanıb. Sənəd 2009-cu ildən başlayaraq sonrakı beş il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-nin fəaliyyətinin fəallaşdırılması imkanlarını nəzərdə tutur. Memoranduma əsasən, ARDNŞ layihənin həyata keçirilməsi üçün Gürcüstan hökuməti tərəfindən müəyyən edilən qaz istehlakçıları qruplarını (sosial qruplar) təmin edən "SOCAR Georgia Gas" törəmə müəssisəsini yaradıb.
Həmçinin, 2008-cil il dekabrın sonunda ARDNŞ və Gürcüstan hökuməti 30 paylayıcı qaz təsərrüfatı və paylayıcı qaz şəbəkəsinin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Mtsxeta-Mtianeti, Şida və Kvemo Kartli, Acarıstan, Quriya, İmereti, Sameqrelo regionlarını əhatə edir. 2009-cu ilin aprelində ARDNŞ azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunun paylayıcı qaz şəbəkələrini istifadəyə alıb.
ARDNŞ yanvar-noyabrda Gürcüstana 300,43 milyon kubmetr qaz ixarc edib. Keçən il ARDNŞ Gürcüstana bir milyard kubmetrdən çox qaz ixrac edib. 2008-ci ildə bu göstərici 789 milyon olub. Gürcüstana qaz tədarükü 2008-ci ilin aprelində başlayıb.