...

2010-cu ildə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 52,8 faiz artıb

Energetika Materials 27 Yanvar 2011 16:15 (UTC +04:00)
2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 13 milyard 088,5 milyon manat, xərcləri 6386,5 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov cümə axşamı təşkilatın ötən ilki fəaliyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
2010-cu ildə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 52,8 faiz artıb

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir E.İsmayılov/

2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 13 milyard 088,5 milyon manat, xərcləri 6386,5 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov cümə axşamı təşkilatın ötən ilki fəaliyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ARDNF büdcəsinin gəlir hissəsi 144,9 faiz, xərcləri isə 99,4 faiz yerinə yetirilib.

Fonda daxilolmaların böyük hissəsi mənfəət neftinin və qazın satışından əldə olunub. Neft müqavilələrinin həyata keçirilməsindən gələn gəlirlər 12 milyard 932,6 milyon manat səviyyəsində, o cümlədən mənfəət neftinin satışından 12 milyard 761,1 milyon manat, tranzit ödənişlər üzrə 8,3 milyon manat təşkil edib. Bu dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən dividendlər 158,7 milyon manat olub. 2010-cu ildə akrhesabı ödənişlər 1,2 milyon manat təşkil edib.

Hesabat dövründə xarici investorların verdikləri aktivlərdən gəlirlər 1,7 milyon manat təşkil edib. 2010-cu ildə bonus ödənişləri 1,6 milyon manat həcmində olub. Ötən il Neft Fondunun gəlirlərinin idarə olunmasından 155,9 milyon manat həcmində gəlir əldə olunub.

Neft Fondunun xərcləri strukturunda qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə 104,9 milyon, Samur-Abşeron suvarma kanalının yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 131 milyon, Oğuz-Qəbələ zonasından Bakıya su kəmərinin çəkilişinə isə 199,6 milyon manat vəsait ayrılıb. Dövlət büdcəsinə transfertlər 5915 milyon manat təşkil edib. 2007-2015-ci illər dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin xaricdə təhsil almasına 9,6 milyon manat vəsait sərf olunub. Həmçinin Bakı-Tbilisi-Qars yeni dəmir yolunun tikintisi layihəsinin maliyyələşdirilməsinə 12,4 milyon manat yönəldilib.

Fondun idarə olunması üzrə xərclər 14 milyon manat təşkil edib. Valyuta məzənnələrinin fərqlərindən xərclər 502,7 milyon manat olub.

2010-cu il oktyabrın 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri bu ilin əvvəli ilə müqayisədə 45,8 faiz (14 milyard 900,4 milyon dollar) artaraq, 21 milyard 720,8 milyon dollar təşkil edib.

Mövsümovun sözlərinə görə, 2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri ötən ilin əvvəli ilə (14 900,4 milyon dollar) müqayisədə 52,8 faiz artaraq 22 766,8 milyon dollar təşkil edib.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb və həmin vaxt onun aktivləri 271 milyon dollar təşkil edib.

ARDNF-nin Nizamnaməsinə görə, fondun vəsaitləri strateji baxımdan mühüm infrastruktur obyektlərinin tikintisi və yenidənqurulmasına, eləcə də vacib ümummili problemlərin həlli üçün istifadə oluna bilər. 2001-2009-cu illərdə əsas diqqət həm neft sektorunun, həm də ölkədəki infrastruktur sahələrin və qeyri-neft sektorunun inkişafına yönəldilib. Hazırda fondun vəsaitləri hesabına suvarma, nəqliyyat sahələrində bir sıra mühüm layihələr maliyyələşdirilir.

Dövlət Neft Fondunun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqəsdilə fondun vəsait və aktivlərinin xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.

Yanvarın 27-nə rəsmi məzənnə 0,7974 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti