Azərbaycan, Bakı, 10 fevral / Trend, müxbir E.İsmayılov /
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev cümə axşamı Bakıda Litva Seyminin sədri İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib.
Onun sözlərinə görə, görüş zamanı ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Hər iki tərəfin nümayəndələri enerji sektorunda əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Eləcə də, "Odessa-Brodı-Plotsk-Qdansk" neft kəməri layihəsi müzakirə olunub.
Görüş zamanı Natiq Əliyev qeyd edib ki, Azərbaycan bu layihənin reallaşdırılmasında maraqlıdır və layihə Baltik ölkələrinin, o cümlədən Litvanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
"Odessa-Brodı-Plotsk-Qdansk" neft kəmərinin tikintisi layihəsinin reallaşdırılması məsələləri ilə "Sarmatia" beynəlxalq boru kəməri müəssisəsi məşğul olur. Hazırda "Brodı-Plotsk" boru kəmərinin TİƏ-nin hazırlanması işləri aparılır.
"Sarmatia"nın iştirakçıları ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), Gürcüstanın "Georgian Oil and Gas Corporation Ltd." (GOGC), Ukraynanın "Ukrtransnafta", Polşanın "Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A." və Litvanın "AB Klaipedos Nafta" şirkətləridir. Əsas iştirakçıların hər birinin payı 24,75 faiz, Litva şirkətinin payı isə bir faiz təşkil edir.