...

Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinə dair müqavilənin müddəti beş il uzadılıb

Energetika Materials 2 Mart 2011 16:19 (UTC +04:00)
ARDNŞ Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin tərəfdaşları bu yataq üzrə müqavilənin qüvvədə olma müddətinin 2036-cı ilədək uzadılması haqqında saziş imzalayıblar.
Azərbaycanın "Şahdəniz" yatağının işlənməsinə dair müqavilənin müddəti beş il uzadılıb

Azərbaycan, Bakı, 2 mart /Trend/

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin tərəfdaşları bu yataq üzrə müqavilənin qüvvədə olma müddətinin 2036-cı ilədək uzadılması haqqında saziş imzalayıblar. Bu barədə BP şirkətinin məlumatında deyilir.

Əvvəlcə müqavilənin 2031-ci ilədək qüvvədə olacağı nəzərdə tutulmuşdu.

Məlumata əsasən, saziş 2010-cu ilin dekabrında imzalanıb.

"Bu saziş qaz tədarükü üçün uzunmüddətli müqavilələrin təmininə şərait yaradacaq", - məlumatda deyilir.

2010-cu ildə Azərbaycanın qaz-kondensat yatağı "Şahdəniz"dən 6,9 milyard kubmetrə yaxın qaz və 1,9 milyon ton (14,7 milyon barel) kondensat hasil edilib. Ötən il yataqda orta sutkalıq hasilat 19 milyon kubmetr qaz və 40,2 min barel kondensat təşkil edib.

2009-cu ildə "Şahdəniz" yatağından qaz hasilatı 6,2 milyard kubmetr qaz (orta hesabla sutkada 16,9 milyon kubmetr) və 1,7 milyon ton kondensat təşkil edib.

2006-cı ilin sonundan ("Şahdəniz"də hasilatın başlanılması) ötən ilin birinci rübü başa çatanadək dünya bazarlarına 49,7 milyon barel kondensat (6,3 milyon tona yaxın) göndərilib.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 25 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti