...

Martda ARDNŞ Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixracını artırıb

Energetika Materials 4 Aprel 2011 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Martda ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 2,2 milyon tona yaxın neft ixrac edib. Bu göstərici fevral ayında 1,92 milyon ton olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-in məlumatında deyilir.

Yanvar-mart aylarında ümumilikdə ARDNŞ Ceyhandan 5,6 milyon tona yaxın neft nəql edib.

Neft Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan (ARDNŞ) əsas ixrac neft kəməri vasitəsilə çatdırılır. ARDNŞ ilə yanaşı, Ceyhandan Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin digər iştirakçılarının da hasil etdikləri neft yüklənir.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.

BTC-nin tikintisi dörd milyard dollara başa gəlib. Bu, inşaat işlərinə, boru kəmərinin doldurulmasına çəkilən xərclər və maliyyə xərcləridir. Bank faizlərinin ödənilməsi bura daxil deyil. Maliyyə kreditinin ümumi həcmi 2,6 milyard dollar təşkil edir.

BTC-nin səhmdarları BP (30,1 faiz), AzBTC (25 faiz), "Chevron" ( 8,90 faiz), "Statoil" (8,71 faiz), TPAO (6, 53 faiz), "Eni" (5 faiz), "Total" (5 faiz), "Itochu" (3,40 faiz), "Inpex" (2,50 faiz), "ConocoPhilips" (2,50 faiz) və "Hess" (2,36 faiz) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti