...

Prezident Berdiməhəmmədov Aİ, Azərbaycan və Türkmənistan arasında qaz sazişinin imzalanmasının tərəfdarıdır

Energetika Materials 13 May 2011 12:44 (UTC +04:00)
Bu günlərdə Rumıniyada səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bir daha Avropa İttifaqı, Azərbaycan və Türkmənistan arasında qaz sazişinin imzalanmasının lehinə fikir söyləyib.
Prezident Berdiməhəmmədov Aİ, Azərbaycan və Türkmənistan arasında qaz sazişinin imzalanmasının tərəfdarıdır

Türkmənistan, Aşqabad, 13 may /Trend, müxbir H.Həsənov/

Bu günlərdə Rumıniyada səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bir daha Avropa İttifaqı, Azərbaycan və Türkmənistan arasında qaz sazişinin imzalanmasının lehinə fikir söyləyib. Trend-in məlumatına görə, bu barədə cümə günü ölkə KİV-i xəbər yayıb.

Səfəri işıqlandıran KİV-də Türkmənistan başçısının "qarşılıqlı faydalı enerji əməkdaşlığının vacib şərti iştirakçı tərəflərin siyasi iradəsidir ki, o, Aİ, Türkmənistan və o cümlədən Azərbaycan arasında sazişlə rəsmiləşdirilməlidir. Bu da konkret addımların qəbulu, eləcə də səmərəli qarşılıqlı fəaliyyət planlarının həyata keçirilməsi üzrə müvafiq konsorsiumun yaradılması üçün imkanlar açır" fikri sitat gətirilib.

"Neytral Türkmənistan" qəzeti yazır ki, bu barədə Buxarestdəki yüksək səviyyədə aparılan danışıqlardan sonra deyilib. Məlumata görə, Berdiməhəmmədov bəyan edib ki, "Türkmənistan yanacağın dünya bazarlarına etibarlı və sabit tədarükünün ayrılmaz aspekti kimi çoxvariantlı boru kəməri infrastrukturunun yaradılmasının tərəfdarıdır".

"Ölkəmiz Avropa istiqamətinə perspektivli istiqamətlərdən biri kimi baxır və Avropa İttifaqından olan tərəfdaşlarla qarşılıqlı fəaliyyət göstərməyə hazırdır", - o deyib.

Bir müddət əvvəl danışıqlar prosesinə yaxın mənbə Trend-ə bildirmişdi ki, Türkmənistan Aİ və Azərbaycanla birgə Azərbaycan vasitəsilə Xəzərin dibi ilə Türkiyəyə və daha sonra Avropaya yeni qaz ixracı marşrutunun hazırlanması məqsədilə sənədlər üzərində işləyir. O zaman söhbət Azərbaycanla Türkmənistan arasında siyasi bəyannamələr və hökumətlərarası sazişdən gedirdi.

Türkmənistan Xəzər dənizinin sahillərindən tədarük də daxil olmaqla, öz sərhədlərinin istənilən nöqtəsindən bütün maraqlı alıcılara qaz satışının mümkünlüyünü bəyan edib.

Ekspertlərin qənaətincə, "Cənub dəhlizi" layihəsi özündə Qərbin iri neft-qaz şirkətlərinin türkmən bazarına daxil olmasından sonra aktivləri əhəmiyyətli dərəcədə artan "Nabukko" layihəsini birləşdirir. "Nabukko" səhmdarı olan Almaniyanın RWE şirkəti türkmən hökuməti ilə müqaviləyə malikdir, "Total", "Chevron", "ExxonMobil", "ConocoPhilips", "Eni", "Gas de France" və digər şirkətlər isə onunla danışıqlar aparırlar.

Xəbər lenti

Xəbər lenti