...

BP ilin sonunadək Xəzərdə yeni quyunun qazılmasını başa çatdıracaq

Energetika Materials 31 May 2011 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.İsmayılov/

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının genişmiqyaslı işlənməsi üzrə texniki operator olan BP şirkəti ilin sonunadək yataqdakı irimiqyaslı qazma işləri çərçivəsində SDX-07 qabaqlayıcı quyunun qazılmasını başa çatdıracaq. Bu barədə çərşənbə axşamı Trend-ə neft-qaz bazarındakı mənbə deyib.

"İkinci quyunun qazılması işləri artıq aparılır və hər halda ilin sonunadək başa çatacaq", - mənbə bildirib. Yeni quyunun qazılması "İstiqlal" qurğusundan aparılır.

Onun sözlərinə görə, hazırda quyunun dərinliyi 900 metr təşkil edir.

Bir müddət əvvəl BP SDX-07 quyusunun qazılmasına başlayıb. Qazma işlərinin ilin sonunadək başa çatdırılması planlaşdırılsa da, qoruyucu borunun buraxılması ilə bağlı yaranan problem səbəbindən işlər dayandırılmışdı. Boru 1100 metr dərinlikdə buraxılmalı idi, nəticədə isə onun buraxılması yalnız 900 metr dərinlikdə mümkün olub.

"Şahdəniz" layihəsi çərçivəsində ildə əlavə 16 milyard kubmetr qaz hasilatı üçün iki dəniz platforması quraşdırılacaq və 30 yeraltı quyu qazılacaq.

Yataqda ən yüksək hasilat 8,6 - 9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara əsasən, yatağın işlənməsinin ikinci mərhələsində qaz hasilatının həcmini ildə 25 milyard kubmetrə qədər artırmaq olacaq.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti