...

GECF-in qazın qiymətinə və qaz bazarına təsir imkanları yoxdur - ekspertlər

Energetika Materials 2 İyun 2011 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir T.Cəfərov/

Qaz ixrac edən ölkələrin forumuna (Gas Exporting Countries Forum) üzv ölkələr dünyanın 70 faiz qaz ehtiyatlarına malik olsalar da, ekspertlərin fikrincə, bu forumun qazın beynəlxalq qiymətinin tənzimlənməsinə və qaz bazarına təsiri olmayacaq.

Cümə axşamı forumun 12-ci iclası neft nazirləri səviyyəsində Misirdə keçirilir.

2006-ci ildə "Qaz OPEK-i"nin yaradılması ideyası İranın ali lideri Əli Xamneyi ilə Rusiyanın Təhlükəsizlik Şurasının sabiq baş katibi İqor İvanovun görüşündə səsləndirilib. Lakin Rusiya, İran, Qətər və digər qaz ixrac edən ölkələr 2001-ci ildən etibarən Qaz İxrac Edən Ölkələrin Forumunun təsis olunması məsələsini müzakirə ediblər. Bu ölkələr 2001-ci ildə birinci dəfə Tehranda iclas keçiriblər. Mütəmadi müzakirələrdən sonra 2009-cu ilin oktyabr ayında Tehranda keçirilən iclasda Qaz İxrac Edən Ölkələrin Forumunun işə başlaması rəsmən elan olunub. Forumun baş qərargahı Qətərdə yerləşir və 2010-cu ildə rəsmi Doha foruma rəhbərlik edib. Hazırda forumun növbəti rəhbərliyi Misirdədir.

Enerji təhlükəsizliyi üzrə ekspert Rza Təqizadə (Reza Tagizadeh) Trend-ə bildirib ki, İran və Rusiya bundan əvvəl "Qaz OPEK-i", "Qaz Karteli" və bu kimi ideyalarla çıxış etsələr də, çox tez məlum oldu ki, neftdən fərqli olaraq, qaza görə dünyada kartel yaratmaq mümkün deyil.

"İran və Rusiya elə hesab edirdilər ki, "Neft OPEK-i"nə oxşar "Qaz OPEK-i" yaratmaqla qaz istehsalçılarının mənafeyini qoruyub bazara və qiymətlərə nəzarət edə biləcəklər. Lakin hazırda bu qənaətə gəliblər ki, GECF yalnız əlaqələndirici təşkilat kimi fəaliyyət göstərsin", - Trend-in Ekspert Şurasının üzvü Təqizadə deyib.

İran rəsmiləri və KİV-ləri hələ də Qaz İxrac Edən Ölkələrin Forumunu (GECF) "Qaz OPEK-i" (Qaz İxrac Edən Ölkələr Birliyi) adlandırırlar.

Təqizadə düşünür ki, İran bu təşkilatı "Qaz OPEK-i" adlandırmaqla göstərmək istəyir ki, əlində bazara nəzarət imkanları var və bu məsələnin siyasi əhəmiyyətindən yararlanmaq istəyir. "İran dünyanın ən böyük qaz ehtiyatlarına malik olan ölkələr arasında ikinci yeri tutsa da, istehsal etdiyi qaz yalnız daxili tələbatı ödəyir və geniş miqyaslı ixracat üçün qazı yoxdur", - o deyib.

Sinqapur Enerji Araşdırmaları İnstitutunun baş elmi işçisi Humən Peymani isə Trend-ə bildirib ki, qaz regional bir məhsuldur, onun satış mexanizmi neftdən fərqlidir və buna görə də GECF-ə üzv ölkələr istəsələr də belə, qazın qiymətinə təsir göstərə bilməzlər.

Təqizadə "Qaz OPEK-i" termininin işlədilməsinin tamamilə siyasi pafos olduğunu düşünür və hesab edir ki, foruma üzv ölkələrin görə biləcəyi iş yalnız müzakirə aparıb bir-biriləri ilə təcrübələrini bölüşə bilmələri ola bilər.

Hazırda Əlcəzair, Boliviya, İran, Qətər, Ekvatorial Qvineya, Liviya, Misir, Nigeriya, Rusiya, Trinidad və Tobago və Venesuela GECF-in üzvüdürlər. Qazaxıstan, Yeni Zelandiya və Norveç forumda müşahidəçi kimi iştirak edirlər. Foruma üzv ölkələr dünyanın 42 faiz qaz istehsalını həyata keçirirlər.

Təqizadənin fikrincə, qazın qiymətinin hansısa bir təşkilat vasitəsilə təyin olunması mümkün deyil. "Neftə oxşar yeganə qaz təbii maye qazdır (LNG). LNG isə müxtəlif regionlarda müxtəlif qiymətlərlə satılır. Digər tərəfdən, bəzi ölkələr, o cümlədən Qətər bütün potensialını LNG istehsalına yönəldib, bəzisi CNG istehsal edir və LNG satışı imkanına malik deyil, bəzisi isə boru kəmərləri ilə qazlarını satır və bütün hallarda şərait, qiymət və bazar dəyişilir", - Böyük Britaniyada fəaliyyət göstərən iranlı ekspert hesab edir.

Peymani isə düşünür ki, qazın istehsalı və satışının qiyməti regional şəraitə görə dəyişilir. Buna görə də GECF yalnız üzv ölkələr arasında bir növ koordinasiya və müzakirəyə şərait yaradır, qiymətlərə təsir etmə imkanına malik deyil.

Təqizadə də öz növbəsində bildirir ki, ötən 4 il ərzində GECF formalaşmağa başlayıb və bu qurum formalaşmağa başladığı gündən indiyədək qaz bazarındakı vəziyyətə, qiymətlərin dəyişməsinə və ona nəzarət pirinsipinə təsir etməyib.

Onun sözlərinə görə, GECF ən yaxşı halda beynəlxalq enerji təşkilatı kimi rol oynaya bilər. Necə ki, bu təşkilatda neft istehlakçıları və istehsalçıları ölkələri bir yerə toplaşırlar və bir-biriləri ilə məlumat mübadiləsi aparırlar, yaxud müştərək mənafelərini müşavirə formasında bəyan edirlər. GECF belə funksiyanı qaz sahəsində həyata keçirə bilər.

Xəbər lenti

Xəbər lenti