...

Dövlət Neft Fondunun aktivlərinin həcmi ilk dəfə olaraq 30 milyard dolları keçib

Energetika Materials 6 İyul 2011 15:43 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi ilk dəfə olaraq 30 milyard ABŞ dolları səviyyəsini keçib və 28 iyun 2011-ci il tarixinə Fondun vəsaiti 30,2 milyard dollar təşkil edib.
Dövlət Neft Fondunun aktivlərinin həcmi ilk dəfə olaraq 30 milyard dolları keçib

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi ilk dəfə olaraq 30 milyard ABŞ dolları səviyyəsini keçib və 28 iyun 2011-ci il tarixinə Fondun vəsaiti 30,2 milyard dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə ARDNF-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Dövlət Neft Fondunun aktivlərinin həcminin artması milli neft strategiyasının real bəhrəsidir. Neft strategiyasının uğurla reallaşması ilə əlaqədar olaraq ölkənin karbohidrogen ehtiyatlarının istismarı və ixracı daha da genişlənir və bunun nəticəsi kimi cari ilin əvvəlində 22,8 milyard ABŞ dollarına bərabər olmuş Dövlət Neft Fondunun valyuta vəsaitlərinin həcmi sürətlə artaraq 30 milyard ABŞ dollarını keçib", - məlumatda deyilir.

Azərbaycanın valyuta potensialının artması dövlətin iqtisadi qüdrətinin güclənməsinə, eləcə də ölkənin bütün sahələrində inkişafın, sosial-iqtisadi tərəqqinin sürətlənməsinə təkan verən mühüm amil kimi dəyərləndirilməlidir.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb və həmin vaxt onun aktivləri 271 milyon dollar olub.

ARDNF-nin Nizamnaməsinə görə, Fondun vəsaitləri strateji baxımdan mühüm infrastruktur obyektlərin tikintisi və yenidən qurulmasına, eləcə də vacib ümummili problemlərin həlli üçün istifadə oluna bilər.

2001-2009-cu illərdə əsas diqqət həm neft sektorunun, həm də ölkədəki infrastruktur sahələrin və qeyri-neft sektorunun inkişafına yönəldilib. Hazırda Fondun vəsaitləri hesabına irriqasiya, nəqliyyat sahələrində bir sıra mühüm layihələr maliyyələşdirilir.

Dövlət Neft Fondunun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin azaldılması məqsədilə Fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.

Xəbər lenti

Xəbər lenti