...

ARDNŞ polixlorbifenil maddəsinin təyin edilməsinə dair təlimat hazırlayıb

Energetika Materials 10 Oktyabr 2011 18:01 (UTC +04:00)
ARDNŞ-nin Ekologiya İdarəsinin mütəxəssisləri polixlorbifenil (PXB) maddəsinin təyin edilməsinə dair təlimat hazırlayıblar.
ARDNŞ polixlorbifenil maddəsinin təyin edilməsinə dair təlimat hazırlayıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsinin mütəxəssisləri BMT-nin Sənaye İnkişafı Təşkilatı tərəfindən tərtib olunmuş sənədlərə əsasən "Davamlı Üzvi Çirkləndiricilər haqqında" Stokholm Konvensiyası ilə tənzimlənən polixlorbifenil (PXB) maddəsinin təyin edilməsinə dair təlimat hazırlayıblar. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Sənəd ekoloqlar, ətraf mühitin mühafizəsi və tədqiqatlar laboratoriyasının mütəxəssisləri üçün nəzərdə tutulub. "Azərbaycan Respublikası Dövlət Neft Şirkətində, əməliyyat şirkətləri və birgə müəssisələrdə PXB-li elektrik avadanlıqlarının inventarlaşdırılması üzrə təlimat" adlanan bu sənəd artıq praktikada tətbiq olunmağa başlayıb. Təlimatda PXB birləşmələrin adı, düsturu, canlı orqanizmlərə təsiri, bununla əlaqədar mövcud olan sanitar-gigiyenik normalar, PXB-lərlə bağlı Konvensiyadan irəli gələn məsələlərin həlli yolları haqqında məlumatlar öz əksini tapıb. Bundan əlavə, inventarlaşdırma prosesinin mərhələləri həmin təlimatda təfsilatı ilə izah olunmuşdur.

Azərbaycanın "Davamlı Üzvi Çirkləndiricilər haqqında" Stokhom Konvesiyasına uyğun olaraq üzərinə götürdüyü öhdəliklərə əsasən, ölkənin müəssisə və təşkilatları tərəfindən PXB tərkibli yağ və avadanlıqların aşkarlanması, nişanlanması, saxlanması, ekoloji cəhətdən təmiz üsullarla ləğvi məsələləri həyata keçirilməlidir.

ARDNŞ-nin Ekologiya İdarəsi artıq bu məqsədlə inventarlaşdırma işlərinə başlayıb. İlkin mərhələdə Dövlət Neft Şirkətinin obyektlərində, əməliyyat şirkətləri və birgə müəssisələrdə istismar olunan və istismardan çıxarılmış elektrik avadanlıqları haqqında məlumatlar toplanıb. Bundan sonra həmin avadanlıqların yağlarının tərkibində PXB-nin təyin olunması üçün nümunələr götürülüb və onların analizinə başlanıb. Müvafiq İş Proqramı əsasında həyata keçirilən bu tədbirlərin tezliklə yekunlaşdırılması, hesabatın hazırlanması və dərc olunması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti