Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2012-ci il üzrə gəlirləri 10,6 milyard manat səviyyəsində (gələn il üzrə 0,79 AZN/USD məzənnəsi nəzərə alınmaqla 13,4 milyard dollar), xərcləri isə 10,4 milyard manat (13,16 milyard dollar) proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ARDNF-nin sədri Şahmar Mövsümov deyib.
"Gələn il ölkə büdcəsinə transferlər 9,9 milyard manat səviyyəsində nəzərdə tutulub" , - Mövsümov deyib.
Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsi 1 barel neftin qiymətinin 80 dollar hesabı ilə tərtib edilib.
Neft Fondunun 2011-ci il üzrə gəlirləri 12 796 172 min manat, xərcləri 9 939 985,3 min manat, dövlət büdcəsinə transferlər isə 9 203 200 min manat səviyyəsində proqnozlaşdırılır.
Dövlət Neft Fondunun yanvar-sentyabrda gəlirləri 11 milyard 831,4 milyon manat, xərcləri 4 milyard 366,7 milyon manat təşkil edib. Dövlət büdcəsinə transferlər isə artıq 4 milyard 21 milyon manat təşkil edib.
Oktyabrın 1-nə olan məlumata görə ARDNF-nin bu ilin əvvəli ilə müqayisədə (22 milyard 766,8 milyon dollar) 41,6 faiz artan aktivləri 32 milyard 242,5 milyon dollar təşkil edib.
ARDNF-nin Nizamnaməsinə görə, Fondun vəsaitləri strateji baxımdan mühüm infrastruktur obyektlərinin tikintisi və yenidən qurulmasına, eləcə də vacib ümummilli problemlərin həlli üçün istifadə oluna bilər.
Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb.
Noyabrın 2-nə olan rəsmi məzənnə 0,7868 AZN/USD təşkil edir.