...

ARDNŞ-nin Etilen-polietilen zavodunda yeni qablaşdırma xətti quraşdırılıb

Energetika Materials 6 Dekabr 2011 18:30 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda yüksək məhsuldarlıqlı yeni qablaşdırma xətti quraşdırılıb.
ARDNŞ-nin Etilen-polietilen zavodunda yeni qablaşdırma xətti quraşdırılıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda yüksək məhsuldarlıqlı yeni qablaşdırma xətti quraşdırılıb.

Trend-in çərşənbə axşamı ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, artıq Birliyin Etilen-polietilen zavodunun "EP-300" istehsalat sahəsində və texniki izopropil sexində əsaslı təmir və yenidənqurma işləri başa çatdırılıb, müasir avadanlıq və qovşaqlar tətbiq edilib. Analoji texniki yeniləşmə tədbirləri hazırda müəssisənin "Polimir-120" kompleksində də həyata keçirilir. İstehsalatın konveksiya sexində uzun müddət istismarda olan qablaşdırma maşınları köhnəldiyi üçün "Azərikimya" İB müasir və istismar baxımından daha əlverişli olan yeni qablaşdırma maşınının əldə olunması məqsədilə cari ilin əvvəlində tender elan edib, bir neçə ixtisaslaşmış xarici şirkətlə danışıqlar aparılıb. Marketinq seçimi olaraq Türkiyə və Almaniya şirkətlərinin istehsalı olan qablaşdırma qurğusuna üstünlük verilib.

Bu günlərdə alman və türk mütəxəssislərin iştirakı ilə yeni, texniki parametrlərinə görə müasir standartlara tam cavab verən qablaşdırma maşınının hazır məhsulun nəql olunduğu konveyerin üzərində quraşdırılması işləri başa çatdırılıb, maşın test sınağından uğurla keçirilib. Uzun illərdir ki istismarda olan, bu səbəbdən də məhsuldarlığı saatda 10 tondan 7 tona düşmüş köhnə qablaşdırma qurğularından fərqli olaraq, yeni maşının istehsal gücü saatda 30 tona yaxındır. Bu isə son məhsulun fasiləsiz və keyfiyyətlə qablaşdırılmasına, alıcılara vaxtında çatdırılmasına zəmin yaradacaq. Qurğunun digər üstün cəhətlərindən biri də onun müasir avtomatika-elektronika, nəzarət-ölçü cihazları ilə təmin olunması, əməliyyatların əsas etibarilə kompüter proqramları vasitəsi ilə idarə edilməsidir.

Yeni qablaşdırıcı qurğunun enerji sərfi əvvəlki maşınların ümumilikdə enerji sərfindən azdır ki, bu da istehsalatda xeyli elektrik enerjisinə qənaət etməyə imkan verəcək. Bundan əlavə, yeni qurğu təhlükəsizlik və ekoloji baxımdan daha əlverişlidir. Qurğuda effektiv tozsorucu sistemin olması istehsal prosesi zamanı ətrafa yayılan tozların udulmasını təmin edəcək, onun ətraf mühitə yayılmasının qarşısını alacaq. Yeni qurğuya xidmət etmək üçün alman və türk mütəxəssislər tərəfindən qısamüddətli treninq keçirilib və fasiləsiz iş növbəsi üzrə 9 nəfər operatorun hazırlanması təmin olunub.

Xəbər lenti

Xəbər lenti