Azərbaycan, Bakı, 5 yanvar /Trend müxbir E.İsmayılov/
Yaxın müddətdə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ukraynada təxminən 12 yanacaqdoldurma məntəqəsini (YDM) istismara verəcək. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-dəki mənbə bildirib.
Hazırda Ukraynada SOCAR brendi altında təxminən 15 YDM fəaliyət göstərir.
ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ var), eləcə də Azərbaycanda, Gürcüstanda və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. Bir müddət əvvəl şirkət İsveçrədə iri YDM şəbəkəsini əldə edib. ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.
ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qaz paylanması) müəssisəsi daxildir.